www.science.az
11.02.2014 00:00

AMEA FRTEB və KEB üzrə doktorantların dissertasiya mövzuları təsdiq edildi

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbir AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) və Kimya Elmləri Bölməsində (KEB) fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsil üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsinə həsr olunmuşdur.

Məlum olduğu kimi, AMEA-nın elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2013-cü il üçün 205 yer (o cümlədən 126 əyani, 79 qiyabi) müəyyən olunmuşdur. FRTEB-nin elmi müəssisə və təşkilatlarına 31 yer, KEB-in elmi müəssisə və təşkilatlarına isə 24 yer ayrılmışdır.

Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə cəmiyyət üçün mühüm aktuallıq kəsb edən dissertasiya mövzularının seçilməsinin vacibliyini qeyd edib. O, elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb.

AMEA-nın akademik-katibi və müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev dissertasiya mövzularının müasir dövrün tələblərinə uyğun seçilməsinin zəruriliyini qeyd edərək müvafiq elm sahələrində bio, nano, info texnologiyalarının tətbiqinin üstünlüklərindən danışıb, bu istiqamətdə araşdırmaların aparılmasının vacibliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.