Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.12.2016 17:04
  • A-
  • A
  • A+

Ulu öndər və onun ailəsinə aid trilogiya Mərkəzi Elmi Kitabxanaya təqdim olunub

Ulu öndər və onun ailəsinə aid trilogiya Mərkəzi Elmi Kitabxanaya təqdim olunub

Ümummili lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan trilogiya - “Fateh”, “Fəthin yolu” və  “Ümid qapısı” kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib. Kitabların müəllifi Əməkdar jurnalist Xalid Niyazovdur.

“Fateh” kitabında Heydər Əliyevin həyat və fəaliyyəti, fövqəladə rəhbərlik qabiliyyəti, siyasi uzaqgörənliyi, böyük humanizmindən bəhs edilir. Əsərdə qeyri-adi, unikal bir şəxsiyyət olan Heydər Əliyevin misilsiz natiqlik məharəti, intuisiyası, nəhayətsiz fikir dünyası, millilik və ümumibəşəriliyin, bədii duyumla rasional düşüncənin, sadə görünüşlə mürəkkəb məzmunun vəhdəti işıqlandırılır. Kitabın redaktoru AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, məsləhətçiləri BDU-nun kafedra müdiri Ağalar Abbasbəyli, professorlar Qafar Cəbiyev və Akkan Suverdir.

X.Niyazovun seçilmiş məqalələrinin toplanmış olduğu “Fəthin yolu” kitabı Azərbaycanı bugünkü inkişaf yoluna gətirib çıxaran Prezident İlham Əliyevin timsalında oxuculara yeni dövr siyasi liderinin dolğun portretini təqdim edir. Publisist, İlham Əliyevin milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığını, intelektual səviyyə, universal bilik və akademik təhsili, möhkəm iradəsini - yetkin siyasi obrazını oxuculara tanıtmağa müvəffəq olub. Kitabın redaktoru Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, BDU-nun kafedra müdirləri Ramiz Əskər və Rüstəm Məmmədovdur.

"Ümid qapısı”  kitabı Heydər Əliyevin zəngin mənəvi irsinin sadiq daşıyıcısı və qoruyucusu, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxcəhətli fəaliyyətinə həsr edilib. Müəllifin məqalələri Mehriban xanım Əliyevanın mənəvi məsuliyyətini, təşəbbüskar vətəndaşlıq mövqeyini, milli-mənəvi irs və dəyərlərin, elm və təhsilin səviyyəsinin yüksəldilməsi, fəal maarifçilik kursunun həyata keçirilməsi, səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi strateji layihələri  təcəssüm etdirir. Kitabının redaktoru Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafazadə, məsləhətçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YUNESKO-nun eksperti Vüqar Məmmədov və Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.

Nəfis poliqrafiya məhsulu olan nəşrlər müasir Əliyevşünaslığa dəyərli töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: