Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” kitabı çap olunub
21.11.2016 09:27
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” kitabı çap olunub

Akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” kitabı təkmilləşdirilmiş formatda yenidən çap olunub.

Kitab Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı münasibət, sadə və mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik araşdırmalarını özündə əks etdirir.

Monoqrafiyada sadə cümlənin monopredikativ quruluşu, aktual üzvlənmə, mürəkkəb sintaktik bütöv, onun sərhədləri, kompozisiyası, tərkibi, tədqiqinin əsaslandırılması və başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunub.

Kitab 3 böyük hissədən və hər hissə ayrı-ayrı fəsillərdən ibarətdir. Birinci hissənin birinci fəslində Azərbaycan dilində cümlənin quruluşunun təşəkkül tarixi “Kitabi-Dədə Qorqud” dastanının dilindən başlayaraq XX əsr ədəbi dilimizin ədəbi-bədii nümunələri əsasında izlənilmiş, alınan elmi nəticələr dünya dillərində cümlənin təşəkkül tarixi kontekstində şərh olunmuşdur.

Digər iki hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb cümlənin müxtəlif aspektlərdən təhlili verilir və mürəkkəb sintaktik bütöv – mətn tədqiqat obyekti kimi nəzərdən keçirilir. Monoqrafiyanın nəticə bölməsində hər 3 hissədə gəlinən elmi nəticələr sistemləşdirilir, dildə həm sadə və mürəkkəb cümlə, həm də mətn səviyyəsində baş verən təşəkkülün bir-biri ilə sıx bağlı və paralel proses olduğu göstərilir.

Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiqlənmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: