Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

16.11.2016 14:19
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunda Azərbaycanın boyaqçılıq tarixinin öyrənilməsinə başlanılıb

Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunda Azərbaycanın boyaqçılıq tarixinin öyrənilməsinə başlanılıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunda ölkəmizdə boyaqçılıq tarixinin öyrənilməsinə başlanılıb.

Tədqiqatlar sektorun müdiri, professor Vidadi Muradovun rəhbərliyi ilə aparılır. Həm praktiki çöl materialları, həm də bu sahə üzrə milli və dünya elmi ədəbiyyatları əsasında aparılan araşdırmalarda sektorun əməkdaşları və AMEA-nın müvafiq sahə institutunun mütəxəssisləri iştirak edirlər.

Professor Vidadi Muradov tədqiqatlar haqqında məlumat verərək bildirib ki, bütün xalq tətbiqi sənət sahələrində, incəsənətin əksər sahələrində, həmçinin, qida sənayesində istifadə olunsa da, boyaqçılıq daha çox xalçaçılıqla bağlı olmuşdur. Azərbaycanın xalçaçılıq və boyaqçılıq tarixini bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. Bu sahənin Azərbaycanda inkişaf perspektivləri hələ çar Rusiyasının da diqqətindən kənarda qalmamışdı. XIX əsrin ortalarında burada istehsal olunan təbii boyaq maddələri daxili ehtiyacları ödəməklə yanaşı, həm də xaricə ixrac olunub.

Alimin sözlərinə görə, Azərbaycanda təbii boyaqçılıq XX əsrin sonlarınadək xüsusilə, meşə örtüyü zəngin, bağçılıq təsərrüfatlarının geniş olduğu ərazilərdə təbii ehtiyatlar zəminində öz mövqeyini qoruyub saxlaya bilib. Bu, birbaşa həmin bölgələrdə əl ilə xalça toxuma ənənələri ilə bağlı olub. Çünki təbii boyaq və əl əməyi xalq xalçasının orijinallığını şərtləndirən əsas amilərdir.

Professor V.Muradov qeyd edib ki, ölkəmizdə boyaqçılıq tarixinin öyrənilməsində məqsəd tarixi boyaqçılıq ənənələri ilə yanaşı, respublikamızda xalq boyaqçılığının inkişaf perspektivlərini araşdırmaq və praktiki nəticələr əldə etməkdir.       

Məlumat üçün qeyd edək ki UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycanın qədim xalça sənət ənənələrinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında, eləcə də geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin təmin olunması məqsədi ilə xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən, 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: