Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.11.2016 16:51
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının yaradılması ilə əlaqədar AMEA rəhbərliyi Təcrübə-Sənaye Zavodunda olub

Yüksək Texnologiyalar Parkının yaradılması ilə əlaqədar AMEA rəhbərliyi Təcrübə-Sənaye Zavodunda olub

Müasir dövrdə dünyanın əksər inkişaf etmiş ölkələrində innovasiyalar əsasında biliklər iqtisadiyyatı inkişaf etdirilir. Bu istiqamətdə fəaliyyətin tənzimlənməsi və idarə olunmasında isə texnoparklar əhəmiyyətli rol oynayır. Ölkəmizin elm məbədgahında da bu sahədə islahatlar aparılır, mühüm addımlar atılır. Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, innovativ texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, yeni texnologiya əsasında hazırlanmış məhsulların istehsalı və dünyada tanıdılması üzrə müxtəlif layihələr həyata keçirilir. Respublika Prezidentinin iki gün öncə imzaladığı Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncamı alimlərimiz tərəfindən yüksək qiymətləndirilərək dövlət başçısının sözügedən sahənin inkişafına diqqət və qayğısı kimi dəyərləndirilib.

Sərəncamdan irəli gələn məsələlərin təmin edilməsi məqsədilə akademiya prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə bir qrup nümayəndə heyəti bu gün Təcrübə-Sənaye Zavodunda olub. Zavodda istehsal olunan məhsullara baxış keçirilərək iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədini daşıyan Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətində alim və mütəxəssislərimizin üzərinə düşən vəzifələr müzakirə olunub. İstehsalat yönümlü elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

Texnoparkların yaradılması sahəsində dünya təcrübəsinin öyrənilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, innovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin uğurlu nəticələrinin Azərbaycanda formalaşmaqda olan texnopark strukturlarına tətbiq olunması hazırkı dövr üçün prioritet məsələdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəf qarşıdakı illərdə, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması və bu artımın respublikada innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir.

Bildirilib ki, zavodda istehsal olunan məhsulların dünya bazarlarına çıxarılması üçün konkret addımlar atılır, əməli tədbirlər görülür. Bu istiqamətdə müvafiq nazirliklərlə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Bir sıra yerli və xarici müəssisə və təşkilatlarla müqavilələr imzalanır. Müəsissənin akademiya rəhbərliyinin təşəbbüsü ilə müasir texnoloji avadanlıq və xammal bazası ilə təmin olunması nəticəsində məhsul istehsalında çeşidlərin artırılması ilə yanaşı, hazırda məhsulların müxtəlifliyi və keyfiyyəti artmaqdadır. Vurğulanıb ki, Təcrübə-Sənaye Zavodunun fəaliyyətinə göstərilən dövlət dəstəyi ilə yaranan yeni imkanlar daha unikal və innovativ çeşidlərin istehsalına, eləcə də elmin istehsalatda tətbiqinə təkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: