Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin magistrantları ilə görüşüblər
25.10.2016 09:36
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin magistrantları ilə görüşüblər

Naxçıvan Dövlət Universitetində (NDU) AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə universitetin magistrantlarının görüşü keçirilib.

NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə magistratura pilləsi üzrə təhsilin inkişaf səviyyəsindən danışıb. Universitetdə 47 ixtisas üzrə magistratura təhsilinin verildiyini söyləyən Saleh Məhərrəmov bildirib ki, magistraturanın fəaliyyəti 37 kafedranı əhatə edir. O, universitetin AMEA-nın Naxçıvan Bölməsi ilə səmərəli elmi əməkdaşlıq, təcrübə mübadiləsi, müştərək elmi tədqiqat və elmi nəşrlər, universitetin magistratura üzrə məzunlarının uğurlu elmi fəaliyyəti barədə danışıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılan bölmənin Naxçıvanın mühüm elmi-tədqiqat mərkəzi olduğunu bildirib. Qeyd edib ki, burada 6 elmi-tədqiqat institutu, Biokimyəvi tədqiqatlar laboratoriyası, “Nəbatat bağı”, zəngin elektron kitabxana, elektron portallar, “Tusi” nəşriyyatı, iki seriyada nəşr olunan “Xəbərlər” jurnalı, “Axtarışlar” jurnalı, Dissertasiya Şurası fəaliyyət göstərir. 

Bildirilib ki, bu illər ərzində böl­mənin əməkdaşları tərəfindən 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçı­­van tarixi atlası”, “Naxçıvan tarixi” coxcilid­liyinin 1 cildi, “Naxçıvan teatrının səlnamə­si”, 3 cilddə “Naxçıvanın folkloru antologi­ya­sı”, 2 cilddə Naxçıvan Muxtar Respublika­sı­nın “Qırmızı kitabı” kimi fundamental nəşrlər hazırlanıb. Akademik İ.Hacıyev “Naxçıvan coğrafiyası” I cildinin hazırlanması, “Əlincəqala” tarixi abidəsinin və “Gülüstan” türbəsinin bərpası və tədqiqi və digər istiqamətlərdə aparılan işlərə universitet magistrantlarının da cəlb olunmasının zəruriliyini vurğulayıb.

İsmayıl Hacıyev NDU-nun AMEA Naxçıvan Bölməsi üçün fundamental kadr potensialı rolu oynadığını bildirib, magistrantlara boş iş yerləri haqqında məlumat verib, onları fəal əməkdaşlığa, məhsuldar elmi fəaliyyətə dəvət edib.

Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov da magistrantlara yaradıcı elmi tədqiqatla məşğul olmağı tövsiyə edib, elmi nailiyyətlər qazanmağın sonsuz maraq və sevgi, elmi fədakarlıq nəticəsində mümkünlüyünü vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: