Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.09.2016 21:54
  • A-
  • A
  • A+

AMEA-nın Ədəbiyyat İnstitutunda Nobel mükafatçısı ilə görüş keçirildi

AMEA-nın Ədəbiyyat İnstitutunda Nobel mükafatçısı ilə görüş keçirildi

Sentyabrın 28-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, nigeriyalı yazıçı Vole Şoyinka ilə görüş keçirildi.

Öncə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli qonağı salamlayaraq onu Azərbaycanın elm məbədində görməkdən məmnun olduğunu bildirdi. 

Alim bugünədək bir neçə Nobel mükafatçısının ölkəmizə səfər etdiyini, bu səfərlərin Azərbaycanda elmin müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin qurulmasına mühüm töhfələr verdiyini diqqətə çatdırdı.

Akademik İsa Həbibbəyli ədəbiyyat sahəsi üzrə Nobel mükafatçısının Azərbaycana ilk dəfə gəldiyini qeyd edərək, Vole Şoyinkanın mübarizə dolu həyatı və zəngin yaradıcılığından danışdı. Onun təkcə ilk Nobel mükafatı alan Afrika yazıçısı deyil, eyni zamanda ingilis dilində yaranan yeni ədəbiyyatın görkəmli nümayəndəsi olduğunu vurğuladı.

Akademik İsa Həbibbəyli Vole Şoyinkanın Nobel mükafatına 1986-cı ildə “böyük mədəni perspektivə və poetikliyə malik milli teatrın yaradılmasına görə” layiq görüldüyünü qeyd etdi. Bildirdi ki, yazıçının əsərlərində onun həyat və yaşamaq uğrunda apardığı mübarizə, qarşılaşdığı çətinliklər və iztirab geniş şəkildə əks olunur: “Poeziya, nəsr və dramaturgiya ilə ardıcıl məşğul olan V.Şoyinkanın həbsxanada olarkən qələmə aldığı şeirləri Afrikada dillər əzbəridir”.

Sonra akademik İsa Həbibbəyli nigeriyalı yazıçı Vole Şoyinkaya xatirə hədiyyələri təqdim etdi.

Görüşdə Nobel mükafatı laureatı Vole Şoyinka çıxış edərək ilk yaradıcılıq nümunələri, qələmə aldığı irihəcmli əsərləri, o cümlədən Afrika ədəbiyyatının xüsusiyyətlərindən söz açdı. O, milli azadlıq hərəkatı dövrü və ondan sonra ədəbiyyat sahəsində baş verən yeniliklər barədə də ətraflı məlumat verdi.

Görüşdə azərbaycanlı yazıçı Nəriman Əbdülrəhmanlı və institutun əməkdaşı Şükufə Əliyeva çıxış edərək nigeriyalı yazıçının bədii əsərləri və yaradıcılığı barədə danışdılar.

Vurğulandı ki, Nəriman Əbdülrəhmanlı yazıçının “Təfsirçilər” əsərini ana dilimizə tərcümə edib.

Yazıçı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırdıqdan sonra onlarla xatirə şəkli çəkdirdi.  

Sonda V.Şoyinka Azərbaycan alimləriylə görüşün keçirilməsini yüksək qiymətləndirərək, bu imkanı yaratdığına görə akademik İsa Həbibbəyliyə xüsusi minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: