Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.09.2016 15:41
  • A-
  • A
  • A+

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ilə görüş keçirilib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ilə görüş keçirilib

23 sentyabr 2016-cı il tarixdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun TTSİ-nin rəhbər və mühəndis-pedaqoji işçiləri, həmçinin şagirdləri ilə görüşü keçirilib.

Seminar xarakterli görüşü açıq elan edən idarənin rəisi Fuad Süleymanov akademikin həyat və yaradıcılığından söz açaraq, onun əldə etdiyi elmi nailiyyətlər, müəllifi olduğu əsərlər və pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonra akademik Vaqif Abbasov “Gənc kadrların karyera inkişafı və gənclərin vətənpərvərlik ruhunda böyüməsi” mövzusunda geniş təqdimatla çıxış edib. Alim gənc kadrların karyera inkişafında uğur qazanmağın pillələrini açıqlayaraq SOCAR-ın neft-kimya sənayesində həyata keçirdiyi uğurlu layihələrdən danışıb. Qeyd edib ki, gənclər vətənpərvər ruhda, cəmiyyətə faydalı bir vətəndaş kimi yetişmək üçün Vətənə, xalqa sevgi və hörmət bəsləməlidirlər.

Sonra natiq Ümummilli lider Heydər Əliyevin gənc kadrların hazırlanması istiqamətində gördüyü işlərdən, onun neft-kimya sənayesinin inkişafı sahəsindəki rolundan danışıb.

Akademik müəllifi olduğu “Kimya və həyat”, “Təbiət kimyasının möcüzələri və onlardan istifadə qaydaları”, “Ekoloji kimya”, “Korroziya”, “Nanotexnologiya və nanokimya” və s. kitabları TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzinin kitabxanasına hədiyyə edib. 

Sonda V. Abbasov müəllim və şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: