Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.09.2016 15:57
  • A-
  • A
  • A+

“Elm haqqında” Azərbaycan Respublikasının Qanunu və qarşıda duran vəzifələr müzakirə edilib

“Elm haqqında” Azərbaycan Respublikasının Qanunu  və qarşıda duran vəzifələr müzakirə edilib

Sentyabrın 7-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu və qarşıda duran vəzifələr” adlı məruzəsi dinlənilib. Akademik bildirib ki, sözügedən qanun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir və elmi fəaliyyətin geniş imkanlarını nümayiş etdirir. “Elm haqqında” qanunda ilk növbədə, ideoloji bazanın zənginləşdirilib inkişaf etdirilməsinin əsas götürüldüyünü deyən vitse-prezident, elmi fəaliyyətin bütün sahələrində azərbaycançılıq ideologiyasının möhkəm elmi əsaslar üzrə prioritet kimi qəbul edildiyini bildirib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, qanunda elm sahəsindəki innovasiya və sahibkarlıq fəaliyyətinin mahiyyəti aydınlaşdırılaraq əsas istiqamətləri və əhatə dairəsi müəyyən olunub. Bundan başqa, qanunda ilk dəfə olaraq “Tədqiqat universiteti” statusuna malik olan ali təhsil ocaqlarının yaradılması, yeni elmi nəsillərin formalaşdırılması və inkişafı, ən başlıcası isə cəmiyyət quruculuğunun bütün sahələrində elm faktorunun hərəkətverici amillərdən birinə çevrilməsi, elmi işçilərin sosial müdafiəsi və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində müvafiq müddəalar yer alır.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qəbul edilmiş qərarla “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu AMEA-nın elmi-təşkilati fəaliyyəti üçün əsas kimi qəbul edilib. Bundan başqa “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2016-cı il tarixli Fərmanının icrası istiqamətində müvafiq təkliflərin hazırlanmasına dair tapşırıq verilib. Qərarda, həmçinin AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını öz fəaliyyətlərində rəhbər tutmalarına, eləcə də AMEA-nın müvafiq qurumlarında innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində aparılan işləri daha da genişləndirməyə dair göstərişlər öz əksini tapır.

İclasda, həmçinin Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul  2016-cı il tarixli, 277 nömrəli Qə­ra­rı­nın icrası ilə bağlı Komissiya yaradılıb. 

Bildirilib ki, yeni yaradılan komissiya AMEA-nın birləşdirilmiş Eroziya və Suvarma İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilati-hüquqi məsələlərini həyata keçirəcək.

Tədbirdə Nazirlər Kabinetinin həmin qərarının 3-cü bəndinin icrası məsələsinə də baxılıb. Qərarın bu bəndinə əsasən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmə­ləri və müvafiq ştat vahidləri ləğv edilmiş və institutun adı dəyişdirilərək Fəlsəfə İnstitutu adlan­dırılmışdı. Həmin bəndin icrasının təmin edil­mə­si məq­­sədi ilə Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən institutun və onun aid olduğu elmi bölmənin rəhbərinə müvafiq tapşırıqlar verilib.

Gündəlikdə əksini tapan növbəti məsələ “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2016-cı il tarixli, 289 nöm­rəli Qərarının icrası barədə olub.

Həmin qərarın icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi ekspedisiyalar təşkil edən elmi müəssisə və təşkilat rəhbərlərinə zəruri tapşırıqlar verilib. Bundan əlavə, iclasda AMEA-nın Dendrologiya İnstitutunda və M.Füzuli adına Əlyazmalar İnstitutunda Təhsil şöbələrinin yara­dıl­ma­sı, həmçinin AMEA Humanitar Elmlər Bölməsinin bürosunun tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarlar qəbul edilib.

Sonda bir sıra kadr məsələləri müzakirə olunub. Biologiya üzrə elmlər doktoru Elşad Əhmədov AMEA-nın Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi və­zi­fə­si­nə təyin olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: