Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.08.2016 15:14
  • A-
  • A
  • A+

“İdarəetmə elmi və mühəndislik idarəetməsi” mövzusunda X beynəlxalq konfrans öz işinə başlayıb

“İdarəetmə elmi və mühəndislik idarəetməsi” mövzusunda X beynəlxalq konfrans öz işinə başlayıb

Avqustun 31-də Bakıda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) mövzusunda X beynəlxalq konfransın açılışı olub.

Tədbir Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universiteti tərəfindən təşkil olunub.

Azərbaycan, Çin, ABŞ, Rusiya, Yaponiya və dünyanın digər ölkələrindən alim və mütəxəssislərin iştirak etdikləri konfransın açılışında Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən danışan nazir son illərdə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binasının tikilib istifadəyə verildiyini, təhsil üçün bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. M.Cabbarov ölkələr arasında elm, təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizdə qazanılan nailiyyətləri diqqətə çatdırıb.

Müasir dünyada elmin, təhsilin mühüm rolundan, bu sahədə əldə olunan yüksək nailiyyətlərdən bəhs edən AMEA-nın prezidenti ölkəmizdə bu sahələrə xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

AMEA-da səmərəli elmi-tədqiqatlar aparıldığını söyləyən akademik A.Əlizadə konfransda əhəmiyyətli nəticələrin əldə olunacağına əminliyini bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib, təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb. Rektor universitet menecmenti, onun fəaliyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Akademik Asəf Hacıyev, Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyətinin prezidenti Jiuping Xu beynəlxalq konfransın elmə, təhsilə töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, “İdarəetmə elmi və mühəndislik idarəetməsi” mövzusunda beynəlxalq konfrans 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il həmin konfransa MDB məkanında ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edir.

Beynəlxalq konfrans sentyabrın 1-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: