Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Bağır Bağırovun 80 yaşı tamam olur
10.08.2016 08:46
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Bağır Bağırovun 80 yaşı tamam olur

Avqustun 12-də tanınmış geoloq alim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft Akademiyasının “Neft-qaz mədən geologiyası” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Bağır Əli oğlu Bağırovun 80 yaşı tamam olur.

Bağır Bağırov 1936-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azər­baycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakül­təsini bitirmişdir.

1969-cu ildə geologiya-mineralogiya  üzrə fəlsəfə doktoru, 1984-cü ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1990-cı ildə  isə professor elmi adını almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

B.Bağırov əmək fəaliyyətinə 1958-ci ildə “Balaxanıneft” (keçmiş “Leninneft”) NQÇİ-də başlamışdır. Burada, o, mədənlərdə operator, geoloq və böyük geoloq vəzifələrində çalışmışdır.

1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutuna qəbul edilmiş,  ardıcıl olaraq burada kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır.

B.Bağırov 1989-cu ildə Azərbaycan Dövlət Neft Akade­miyasının Neft-qaz mədən geolo­giyası kafedrasının müdiri seçilmiş və bu günə kimi həmin vəzifəni icra edir.

Alimin elmi tədqiqat­larının əsas istiqaməti neft və qaz yataqlarının effektli işlənilməsini təmin edən etibarlı geoloji əsaslar yaratmaqla əlaqədardır. Geoloji məlumatların riyaziləşdirmə və kompüterləşdirmə yolunu əsas götürən bu tədqiqatların nəticəsində o, neft-qaz elmində yeni bir istiqamət yaratmışdır.

Onun elmi nailiyyət­lərinin böyük hissəsi keçmiş SSRİ-nin və AMEA-nın ən mühüm nəticələri sırasına daxil edilmiş, respub­likamızın neft yataqlarında tətbiq olunmuş və bir sıra elmi-tədqiqat institutlarında istifadə edilmişdir.

B.Bağırovun fundamental və tətbiqi xarakterli tədqiqatları 300-dən artıq elmi əsərdə öz əksini tapmışdır. O, 6 monoqrafiya (o cümlədən, 1-i ingilis dilində) və 60-dan artıq metodik və tədris vəsaitinin müəllifidir. 10-dan artıq beynəlxalq konqres və simpoziumlarda elmi məruzələr etmişdir.

Alim mühəndis və yüksək ixtisaslı kadrlar hazırlamaq üçün böyük əmək sərf etmişdir. O, indiyədək yüzlərlə mühəndis, magistr, bakalavr, 15 elmlər namizədi və doktoru yetişdirmiş, hazırda isə 5 doktoranta elmi rəhbərlik edir.

B.Bağırov Amerika Neftçi-Geoloqlar Cəmiyyəti və Avropa Geoloqlar və Mühəndislər Birliyinin üzvüdür.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və AMEA Geologiya və Geofizika İnstitutunun elmi şuralarının üzvüdür.  O, Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərləri” (Yer elmləri seriyası), eləcə də “Azərbaycan ali texniki məktəblərinin Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvüdür.

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 2000-ci ildə Azərbaycan Respublikası Preziden­tinin Sərəncamı ilə Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.

Tanınmış elm mücahidini 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: