Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlanıb
08.08.2016 11:00
  • A-
  • A
  • A+

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlanıb

2016/2017-ci tədris ili üçün respublikamızın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul cari il martın 6-da və iyunun 5-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə təşkil olunan müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün cari il avqustun 8-də saat 10:00-dan avqustun 14-də saat 23:59-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının altıncı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Bakalavrlar TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının altıncı nömrəsinin elektron versiyasını (http://eservices.tqdk.gov.az/ejurnal/) da əldə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: