Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının 60 yaşı tamam olur
04.08.2016 13:16
  • A-
  • A
  • A+

Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının 60 yaşı tamam olur

Bu gün Cavidlər irsinin yorulmaz təbliğatçısı, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz İbrahim qızı Babaxanlının 60 yaşı tamam olur.

Gülbəniz Babaxanlı 1956-cı il avqustun 4-də Naxçıvan Muxtar Respublikasının Şərur  rayonunda anadan olmuşdur.

1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmişdir. 1992-ci ildə namizədlik, 2011-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir.

G.Babaxanlı 1979-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat Muzeyində zal baxıcısı və XIX-XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur.

Alim H.Cavid irsinin təbliği, tədqiqi və nəşri  sahəsində, eləcə də cavidşünaslığın  inkişafı  istiqamətində elmi fəaliyyət  göstərir. Onun  son  illərdə  elmi  tədqiqat fəaliyyəti cavidşünaslığın  başlıca predmeti kimi ədibin zəngin ədəbi-fəlsəfi və bədii-estetik irsinin obyektiv şəkildə, elmi əsaslarla düzgün qiymətləndirilməsinə yönəlmişdir.

Onun ideya müəllifliyi ilə Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi çoxcildli “Cavidşünaslıq” toplusu hazırlanmışdır. Toplunun 2012-ci ildə nəşr edilən X cildində böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında müxtəlif illərdə (1912-1983) mətbuat  səhifələrində  dərc olunmuş məqalə və resenziyalarla yanaşı, həm də ədiblə bağlı ətraflı məlumatlar yer alıb.

Alim “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”, “Heydər Əliyev və Hüseyn Cavid”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”, “Turan Cavid: Ömür salnaməsi” və bir çox monoqrafiyaların müəllifidir.

O, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə 26 aprel 2012-ci ildə HUMAY-XXII Akademiyası tərəfindən “HUMAY” Milli Mükafatı ilə təltif edilmişdir.

Hüseyn Cavidin və Cavidlər ailəsinin zəngin irsinin təbliği məqsədi ilə G.Babaxanlı respublikada və xaricdə - İtaliya, İspaniya, İran, Türkiyə, Rusiya, Türkmənistan, Özbəkistanda keçirilən konfrans və sərgilərdə iştirak etmişdir. Bir çox beynəlxalq elmi jurnallarda onun məqalələri dərc olunmuşdur.

2015-ci ildə Azərbaycan Respublikası Prezidendinin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Alim ədəbiyyat sahəsində xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Gülbəniz Babaxanlını ömrünün ən məhsuldar çağına qədəm qoyması münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni nailiyyətlər və yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: