Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisi çap edilib
23.01.2014 00:00
  • A-
  • A
  • A+

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisi çap edilib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin irsini əks etdirən iki cilddən ibarət “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisi hazırlanaraq “Şərq-Qərb” nəşriyyatında çap edilib.

Biblioqrafik göstəricinin 1-ci cildində “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyində əks olunmuş siyasi, ictimai və sosial əhəmiyyətə malik materiallar “Dövlətçilik, müstəqillik və demokratiya”, “Milli təhlükəsizlik”, “Ordu quruculuğu”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “İqtisadiyyat”, “Neft strategiyası”, “Aqrar siyasət”, “Elm və təhsil”, “Mədəniyyət, ədəbiyyat, dil, incəsənət”, “Bədən tərbiyəsi və idman”, “Tibb və səhiyyə”, “Milli mənəvi dəyərlər”, “Qadın və ailə”, “Uşaq və gənclər” bölmələrində, 2-ci cildində isə “Dünya azərbaycanlıları”, “Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar”, “Tarix və tarixi hadisələr”, “Azərbaycanın şəhərləri və bölgələri” bölmələrində təqdim edilir.

Ən yaxın və şanlı tariximizin araşdırılması, Heydər Əliyev dühasının Azərbaycan tarixindəki təkrarsız xidmətlərini öyrənmək üçün nəzərdə tutulan biblioqrafik göstəricidə, eyni zamanda, ümummilli liderin səhhəti ilə bağlı Azərbaycan ictimaiyyətini mütəmadi məlumatlandıran Prezidentin Mətbuat Xidmətinin məlumatlarına da xüsusi bölmədə yer verilib.

Külliyyatın buraxılışına məsul Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sonuncu cilddə əks olunan “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan – ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” və biblioqrafik göstəricinin hazırlanması layihəsinin rəhbəri, akademik Akif Əlizadənin “XX əsrin qüdrətli siyasi lideri” məqalələri də biblioqrafik göstəricidə xüsusi yer tutur.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan biblioqrafik göstəricinin elmi redaktoru, akademik İsa Həbibbəyli, tərtibçi-müəllifi isə MEK-in direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: