www.science.az
18.06.2016 10:00

Akademik Məmmədtağı Cəfərovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli torpaqşünas alim, akademik Məmmədtağı Cəfərovun anadan olmasının 80 illik yubileyinə həsr olunan “Azərbaycanda torpağın münbitliyinin artması yolları” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov görkəmli alimin elmi fəaliyyətindən, aqrar sahənin inkişafına verdiyi töhfələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri və onların bərpası məsələləri (Gəncə-Qazax bölgəsi timsalında)” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, əmək fəaliyyətinə 1959-cu ildə başlayan M.Cəfərov bütün ömrünü Kənd Təsərrüfatı Akademiyasına bağlamış, burada assistent, dosent, professor, ən nəhayət, ömrünün sonunadək rektor vəzifələrində çalışmışdır. Bir çox beynəlxalq akademiyaların və cəmiyyətlərin üzvü olan Məmmədtağı Cəfərov, həm də dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyası siyasi şurasının ən fəal üzvlərindən olmuşdur.

Məmmədtağı Cəfərov respublikada və onun hüdudlarından kənarda torpaqşünaslığa dair aktual problemlərin tədqiqi ilə məşğul olan alim kimi tanınmışdır. Onun torpaqların münbitliyinin tənzimlənməsi üsullarına, əkinçilikdə fosfor probleminin həllinə, Azərbaycan torpaqlarının rekultivasiyasının nəzəri əsaslarına, torpaq fondu və ondan səmərəli istifadəyə həsr olunmuş əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Həmin araşdırmaların nəticələri müxtəlif illərdə kənd təsərrüfatında uğurla tətbiq olunmuşdur. 

Tədbirdə AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru, dosent Cavanşir Təlai və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.