Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.07.2016 16:26
  • A-
  • A
  • A+

Akif Əlizadə: "Beynəlxalq konfrans qədim Naxçıvana qarşı ərazi iddiaları irəli sürən düşmənə ən layiqli cavabdır"

Akif Əlizadə: "Beynəlxalq konfrans qədim Naxçıvana qarşı ərazi iddiaları irəli sürən düşmənə ən layiqli cavabdır"

"Naxçıvan diyarındakı zəngin memarlıq abidələri, onun ayrılmaz tərkib hissəsi olan qalalar məhz Azərbaycan dövlətçilik tarixinin, xalqımızın azadlıq uğrunda mübarizə əzminin simvolları kimi xüsusi əhəmiyyətə malikdir. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı qədim Naxçıvana qarşı ərazi iddiaları irəli sürən düşmənə ən layiqli cavabdır."

Bu fikirləri iyulun 9-da “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının açılış mərasimində iştirak edən AMEA prezidenti, akademik Akif Əlizadə mətbuat nümayəndələrinə müsahibəsində deyib.

Akif Əlizadə qeyd edib ki, beynəlxalq konfrans Azərbaycanın ictimai və humanitar elmlərinin inkişafı baxımından əhəmiyyətli olmaqla yanaşı, həm də milli vətənpərvərlik ruhunun aşılanması, xalqımızın qəhrəmanlıq tarixinin təbliği baxımından da xüsusi məna kəsb edir. Konfransın digər bir əhəmiyyəti isə müasir şəraitdə Azərbaycanın apardığı informasiya müharibəsində bu siyasətə dəstək verməsidir.

“Hamımıza yaxşı məlumdur ki, bütün beynəlxalq hüquq prinsiplərinin, ümumbəşəri insani dəyərlərin ziddinə olaraq torpaqlarımızın bir hissəsini işğal etmiş ermənilərin digər qondarma iddialarının əsas hədəflərindən biri də Azərbaycanın qədim diyarı olan Naxçıvandır. Onlar hər cür yalan və uydurmanı özlərinin elmi yanaşmasına çevirərək bu regionla bağlı təhrif olunmuş tarixi məlumatlar yaymaqdan çəkinmirlər. Ötən il akademiyanın 70 illik yubileyinə həsr olunmuş təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, informasiya müharibəsi şəraitində alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Cənab Prezident bu baxımdan tarix elminin inkişafını mühüm prioritetlərdən biri kimi müəyyənləşdirdi. Belə bir şəraitdə bu torpaqların ta qədim zamanlardan xalqımıza məxsusluğunun əsas göstəricisi, tarixi sübutu, pasportu olan Naxçıvan qalalarının tədqiqi və təbliği xüsusi əhəmiyyətə malikdir. Bu mənada Naxçıvanda keçirilən beynəlxalq konfrans həm də dövlət başçısının çağırışına layiqli cavabdır” – deyə Akif Əlizadə qeyd edib.

Tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və alınmaz qalaları ilə tarixdə iz qoyan qədim Naxçıvan diyarının, ilk növbədə, əsas dövlətçilik mərkəzlərindən biri olduğunu vurğulayan akademik deyib ki, orta əsrlərdə paytaxtı Naxçıvan şəhəri olan Atabəylər dövləti Azərbaycan xalqına intibah mədəniyyəti bəxş edib, daha sonralar Naxçıvanşahlıq dövləti, Naxçıvan xanlığı yalnız bu diyarın deyil, bütövlükdə Azərbaycanın siyasi və sosial-mədəni inkişafında əhəmiyyətli rol oynayıb. Tarixdə olduğu kimi, bu gün də Naxçıvan müasir Azərbaycanın sosial-siyasi və elmi-mədəni həyatında yerinə yetirdiyi məsuliyyətli missiya baxımından, sözün həqiqi mənasında, müstəqil Azərbaycan dövlətçiliyinin və siyasət tarixinin əsas mərkəzlərindən biridir. Hazırda Naxçıvan Muxtar Respublikası nəinki Azərbaycanın, geniş mənada dünyadakı hərtərəfli inkişafın önündə gedir.

AMEA-nın prezidenti bildirib ki, çoxillik axtarışlar və ardıcıl yaradıcılıq səyləri nəticəsində muxtar respublikada yaradılmış sanballı ensiklopedik nəşrlər, salnamələr və antologiyalar yüksək elmi səviyyədə qəbul edilən ciddi və əhəmiyyətli əsərlərdir. Naxçıvanda yaşayıb-yaradan elm adamlarının çoxillik birgə səyləri nəticəsində meydana çıxmış 3 cildlik “Naxçıvan tarixi” monoqrafik tədqiqatı son illərdə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində ən sanballı nəşrlərdən biridir. Heç şübhəsiz, azərbaycanşünaslığa böyük töhfə olan çoxcildlik Azərbaycan tarixinin üzvi tərkib hissəsi kimi, mühüm əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi nəticəsində AMEA-nın Naxçıvan Bölməsinin yaradılması ilə regionda elm sahəsindəki çoxəsrlik ənənələrin yenidən canlandırıldığını vurğulayan Akif Əlizadə deyib: “Bu gün muxtar respublikanın bütün istiqamətlər üzrə yüksək səviyyədə inkişafına uğurla xidmət edən özünəməxsus idarəetmə sistemində elmin və təhsilin xüsusi yeri var. Məhz bu siyasət nəticəsində bu gün Naxçıvanda elm inkişaf edir. Məhz bu siyasət nəticəsində Naxçıvan tarix elminin inkişafı istiqamətində ciddi addımlar atılır, tarixi abidələr bərpa olunur, onların qorunaraq gələcək nəsillərə saxlanılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu yaxınlarda Əlincəqala, Gülüstan türbəsi bərpa edilib, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalayıb. Azərbaycanın elmi ictimaiyyəti bütün bu addımları alqışlayır”.

  • Paylaş: