Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi top siyahıda yenidən birinci yeri tutub
11.07.2016 10:15
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi top siyahıda yenidən birinci yeri tutub

Akademiklər Cəlal Əliyevİradə Hüseynova və biologiya üzrə fəlsəfə doktoru N.Sultanova tərəfindən 2014-cü ildə Plant Physioliology and Biochemistry (PPB) jurnalında dərc olunan “ROS histokimyəvi vizualizasiyası və Azərbaycanda yetişdirilən tərəvəz bitkilərinin virus infeksiyalarına qarşı antioksidant reaksiya” adlı məqalə bu sahə üzrə çap olunan 20 top məqalə siyahısında yenidən birinci yeri tutub. Bununla bağlı “Mənim domenimdə kim çap olunur” xidmətinin təmsilçisi Mayk Qreubdan məlumat daxil olub.

Qeyd edək ki, ilk dəfə olaraq, Azərbaycanda 2007-ci ildən başlayaraq akademik Cəlal Əliyevin rəhbərliyi altında meyvə ağaclarını və tərəvəz bitkilərini yoluxduran virus xəstəliklərinin öyrənilməsinə başlanılmışdır. Bir sıra RNT və DNT tərkibli viruslar aşkar olunmuş, onların molekulyar diaqnostikası həyata keşirilmiş, növ səviyyəsində taksonomik identifikasiyası və molekulyar səviyyədə tam identifikasiyası aparılmış və patogenlərlə yoluxmuş bitkilərin biokimyəvi, fizioloji və biofiziki parametləri təyin edilmişdir. Alınan nəticələrin çoxu dünya elmi üçün tamamilə yenidir.

“PPB” jurnalı “Elsevier” nəşriyyatında çap olunur və 2.928 impakt faktora malikdir. Azərbaycanlı alimlərin məqaləsi virus patogenezi zamanı bitkilərdə yaranan sərbəst radikalların öyrənilməsinə və onların aradan qaldırılmasında antioksidant müdafiə sistemlərinin rolunun tədqiqinə həsr olunub və bu istiqamətdə mühüm nəticələr əldə olunub. Dünya səviyyəsində bitki–virus qarşılıqlı əlaqəsi zamanı bitkilərdə struktur-funksional dəyişikliklərin öyrənilməsi üzrə tədqiqatlar çox azdır.

Nüfuzlu Publ.med portalına düşən “PPB” jurnalı Avropa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının və Fransa Bitki Bioloqları Cəmiyyətinin rəsmi nəşridir. Jurnalda molekulyar səviyyədən başlayaraq, bütöv bitki və ekosistemlərə qədər bitkilərin biokimyası, fiziologiyası, quruluşu, bitki-mikrob əlaqələri haqqında nəzəri, eksperimental və texniki nəticələr dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: