Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli neftçi alim  və elm təşkilatçısı – 90
05.07.2016 10:23
  • A-
  • A
  • A+

Görkəmli neftçi alim və elm təşkilatçısı – 90

M.Abasov 1926-cı il iyulun 31-də Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitirmişdir.

M.Abasov 1953-cü ildə texnika üzrə fəlsəfə doktoru, 1962-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1965-ci ildə isə professor elmi adını almış, 1968-ci ildə  Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə isə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

1964-1971-ci illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri  İnstitutunda (DNQYPİ) elmi işlər üzrə direktor müavini, 1971-2003-cü illərdə bu qurumun direktoru, 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Yer haqqında Elmlər bölməsinin akademik-katibi, 1990-1997-ci illərdə isə AEA-nın vitse-prezidenti vəzifəsində çalışmışdır. Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutu 2003-cü ildə Geologiya İnstitutunun tərkibinə daxil olduqdan sonra da AMEA-nın həqiqi üzvü M.Abasov bu elmi istiqamətə rəhbərliyi davam  etdirmişdir.

Alim 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezident Şurasının üzvü, Dövlət katibi olmuşdur. Bakı Sovetinin iki çağırış deputatı, sonuncu çağırış SSRİ Xalq deputatı seçilmişdir. O, Beynəlxalq Geoekologiya və Beynəlxalq Təbiət və Cəmiyyət Elmləri Akademiyasının üzvü, Ümumrusiya Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat İnstitutunun fəxri doktoru olmuşdur. 1982-1992-ci illərdə neft və qaz yataqlarının işlənilməsi problemləri üzrə SSRİ EA Elmi Şurasına rəhbərlik etmişdir. M.Abasov Amerika Neftçi-mühəndislər Cəmiyyətinin Azərbaycan bölməsinin ilk prezidenti olmuşdur.

M.Abasov neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sa­hə­sində görkəmli alim, həmçinin bu sahədə tanınmış elmi məktəbin banisi və rəh­bəri olmuşdur. O, dəfələrlə neft elminin yeni perspektivli istiqamətlərinin proq­no­zu­nu vermişdir. Akademik Azərbaycanda bir sıra karbohidrogen yataqlarının ilk kəş­fiy­yat­çı­­larından biri olmuşdur.

Onun rəhbərlik etdiyi elmi məktəbdə neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası, yeraltı hidrodinamikası, geoloji-geofiziki tədqiqatlar, layın fizikası və kimyası, neftveriminin artırılmasının yeni üsulları, neftqazçıxarmanın yeni texnologiyaları, hesablama riyaziyyatı və proqramlaşdırma, optimallaşdırma, sahə iqtisadiyyatı və s. istiqamətlərdə yüksəkixtisaslı mütəxəssislərdən ibarət böyük bir qrup formalaşmışdır. Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin nəzəri əsaslarının və üsullarının yaradılması da onun adı ilə bağlıdır. Qaz-kondensat qarışığının süzülməsinin binar modeli tənlikləri ilk dəfə olaraq M.Abbasov tərəfindən alınmış və belə yataqların işlənilməsinin layihələndirilməsinin hidrodinamik üsulları işlənib hazırlanmışdır.

Burada müxtəlif tipli neft və qaz yataqlarının işlənilməsinin nəzəri əsasları yaradılmış, hidro-qaz-dinamik əsaslar təkmilləşdirilmiş, işlənilmənin texnoloji göstəricilərinin təyininin yeni metodları təklif olunmuş, layihələşdirilməsinin əsas prinsipləri inkişaf etdirilmişdir. Təbii və texnoloji amillərin, habelə çoxlaylılıq və qeyri-taraz süzülmənin tam nəzərə alınması ilə quyuların hidrodinamik tədqiqatlarının nəticələrinin yeni yüksək effektli interpretasiya metodları işlənilmişdir. Layların neft veriminin, quyuların məhsuldarlığının artırılmasının yeni metodları işlənilmiş və təkmilləşdirilmişdir.

Təbii qazın və qaz-kondensat qarışıqlarının quyularda hərəkətinin statik və dinamik quyu təzyiqinin hesablanmasının yüksək dəqiqliyini təmin edən hesablanma metodları təkmilləşdirilmişdir. Neft yataqlarının statistik modelləşdirilməsinin metodları və optimallaşmanın iqtisadi riyazi modelləri və neft-qaz ehtiyatlarının mənimsənilməsinin çoxvariantlı, çoxamilli və çoxkriterial məsələləri şəraitində qərar qəbul etmənin metodologiyası işlənilmişdir. Anomal yüksək geofluid təzyiqlərin, neft və qazın təbii rezervuarlarının petrofiziki və geofiziki məlumatlar kompleksi üzrə xüsusiyyətlərinin proqnozlaşdırılmasının  elmi əsasları və tədqiqat metodları işlənilmişdir. DNQYPİ mürəkkəb karbohidrogen tərkibli (qaz-kondensat, qaz-kondensat-neft) yataqlarının işlənilməsi kimi yeni elmi istiqamətlərin yaradılması, neft geologiyasında riyazi modelləşdirmə, yataqların geoloji modellərinin yaradılması, neft və qazın təbii rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması, neft-qaz ehtiyatlarının optimallaşdırılmasının və mənimsənilmə proseslərinin iqtisadi-riyazi modellərinin işlənilməsi, quyuların dayanıqlığının üçölçülü riyazi nəzəriyyəsinin yaradılması, ciddi üçölçülü qeyri-klassik çoxkomponentli  seysmikanın nəzəri əsaslarının yaradılması, geofiziki məlumatların müasir geodinamikanın təsirlərini nəzərə almaqla işlənilməsinin və geoloji şərhinin interaktiv kompüter proqram kompleksinin hazırlanması, tətbiqi və s. kimi yeni elmi istiqamətlərin yaradılması sahəsində əsaslı töhfələr vermişdir. Bu tədqiqatlar indi AMEA-nın Geologiya və Geofizika İnstitutunun Neft-qaz yataqlarının işlənilməsi seksiyasının şöbələrində davam etdirilir.

Alim uzaqgörənliklə neft elminin yeni perspektiv istiqamətlərinin inkişafını proqnozlaşdırmışdır. Gənc istedadlı mütəxəssislərin seçilməsi, keçmiş SSRİ və xarici ölkələrin qabaqcıl mərkəzlərinə göndərilməsi üzrə böyük işlər görmüşdür. Bütün bunların nəticəsidir ki, respublikada fiziki-kimyəvi hidrodinamika, proqnozlaşdırma, optimallaşdırma, neft iqtisadiyyatı və s. elmi istiqamətlər üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanmışdır.

M.Abasov 660-dan artıq elmi məqalənin, 23 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Onun rəhbərliyi ilə 40 fəlsəfə doktoru və 21 elmlər doktoru hazırlanmışdır. Alimin Azərbaycanda və SSRİ-də neft elminin inkişafında mühüm xidmətləri olmuş və onun fəaliyyəti Azərbaycan hüdudlarından kənarda da tanınmışdır.

M.Abasov 1982-ci ildə Azərbaycan Dövlət Mükafatına, 1985-ci ildə isə akademik İ.M.Qubkin adına Mükafata layiq görülmüşdür. O, Azərbaycanın “Əməkdar elm xadimi”, “SSRİ fəxri neftçisi”, “SSRİ qaz sənayesinin fəxri işçisi” fəxri adlarına layiq görülmüş, “SSRİ İxtiraçısı” döş nişanı, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

AMEA-nın həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Midhət Abasov 2012-ci ildə vəfat etmişdir. Akademikin xatirəsi onu tanıyanların, çoxsaylı tələbələrinin və neftçi-geoloqların qəlbində daim yaşayacaqdır.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov

  • Paylaş: