Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 75 yaşı tamam olur
28.06.2016 12:51
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 75 yaşı tamam olur

İyunun 30-da torpaqşünaslıq və radiasiya elmlərinin inkişafı sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 75 yaşı tamam olur.

Mahmud Abdullayev 1941-ci ildə Gəncə şəhərində ana­dan olmuşdur.  O, 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və həmin il göndəriş əsasında Azərbaycan Elmlər Akademiyasının Bakı T­orpaq Eks­pe­disiyasına işə qəbul olmuşdur. Orada əvvəlcə texnik-kartoqraf, sonra isə mühəndis-torpaqşünas vəzifəsində çalışmışdır.

1967-1971-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin ET Əkinçilik İnstitu­tunun Cəlilabad Zona Təcrübə Stansiyasında Aqrokimya və Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

İnstitutda işlədiyi dövrdə alim respublikanın torpaq-bitki örtüyünün süni və təbii radionuklidlərlə (radioizotoplarla) çirklənməsinə dair elmi tədqiqat işləri aparmışdır. 1980-ci ildə Moskva Dövlət Universitetində “Torpaqşünas­lıq” ixtisası üzrə namizədlik, 1998-ci ildə AMEA-nın Torpaqşü­naslıq və Aqro­kimya İnstitutunda həmin ixtisas üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

M.Abdullayev 1989-cu ildən ET Əkinçilik İnstitutunda böyük elmi işçi, qrup rəhbəri, aparıcı elmi işçi, 1999-cu ildən Dövlət Torpaq Kadastrı Monitorinqi və Elmi-İstehsalat Mərkəzində şöbə rəisi vəzifəsində çalışmışdır. 2009-cu ildə müsabiqə yolu ilə AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriya­sına müdir vəzifəsinə seçilmişdir.

Alimin 70-dən artıq elmi əsəri ölkəmizdə və xaricdə nəşr olunmuşdur.

Onun elmi tədqiqatlarının əsas istiqamətlərini respublikanın müxtəlif regionlarının “torpaq–bitki” sistemində süni (stronsium-90 və sezium-137) və təbii (uran-238, torium-232, radium-226, polonium-210 və s.) radionuklidlərin miqrasiya qanunauyğunluqlarının öyrənilməsi, mineral gübrələrin optimal və artırılmış normada müxtəlif növ kənd təsərrüfatı bitkiləri altında tətbiq edilməsi nəticəsində radionuklidlərin məhsulda toplanmasının kəskin azaldılması təşkil edir. Bu tədqiqatların nəticələri əhalinin radiasiya təhlükəsizliyinin hesablanmasında istifadə olunur. Bundan başqa, M.Abdullayev tərəfindən uzun illər respublika ərazisində təbii radiasiya fonunun monitorinqi aparılır.

Alim Azərbaycanda torpaqşünaslıq və radiasiya elmlərinin inkişafı sahəsində xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Tanınmış alimi 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: