www.science.az
28.06.2016 10:37

Geologiya və Geofizika İnstititunda “Geomexanika” növbəti seminarı keçirildi

AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçirilib.

Qeyd edək ki, layihə AMEA Rəyasət Heyətinin qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilir.

Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak ediblər.

Tədbirdə akademik Hətəm Quliyev layihə çərçivəsində görülən işlərdən danışıb, bugünkü seminarda AMEA-nın müxbir üzvü Qeylani Pənahov və t.e.d. E.Abbasovun “Qeyri-bircins məsaməli mühitli neft yataqlarının istismarında köçmə məsələləri və onların həlləri” mövzusunda məruzəsinin dinləniləcəyini bildirib.

Sonra AMEA-nın müxbir üzvü Qeylani Pənahov məruzəni təqdim edib. Məruzəçi bildirib ki, neft-qaz çıxarmada yatağın istismarı zamanı bütün mərhələlərdə lay təzyiqini saxlamaq və sıxışdırmanı tənzimləmək üçün ona su, qaz, müxtəlif məhlullar və s. vurulması vacib məsələlərdəndir.

Qeyd olunub ki, quyulara vurulan bu cür heterogen sistemlər laya girişdə və çıxışda quyu-dibi zonasında, layda məsaməli mühitdə axın və süzülmələrdə köçmə prosesləri ilə müşahidə olunur. Belə köçmə hallarına kolmatasiya, adsorbsiya, suffoziya, desorbsiya və s. misal göstərmək olar. Bu proseslər yataqların istismarında neft-qaz çıxarmada vacib rol oynayır.

Diqqətə çatdırılıb ki, heterogen karbohidrogen sistemlərin məsaməli mühitlərdə ancaq kolmatasiya və adsorbsiyası axının tamamilə kəsilməsinə gətirib çıxardır. Belə proseslərin tədqiq və tənzimlənməsi üçün innovativ yanaşmaların, yeni texnoloji işləmələrin yaradılması qarşıda duran məsələlərdəndir.

Q.Pənahov qeyd edib ki, adsorbsiya-desorbsiya və kolmatasiya-suffoziya proseslərin öyrənilməsi neft-qaz çıxarmada, sıxışdırmada əhatə dairəsinin genişləndirməsi məqsədilə müntəzəm köpük yaratmada, gilli süxurlarda adsorbsiya olunmuş qazın tükənmə müddətini gözləmədən çıxarılmasına nail olunmasında və neftveriminin intensivləşdirilməsini təmin etmək üçün innovativ texnologiyaların yaradılması kimi məsələlərinin həllinə imkan yaradacaq.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.