www.science.az
24.06.2016 15:07

Fəlsəfənin aktual problemləri müzakirə edilib

İyunun 24-də AMEA Fəlsəfə İnstitutunda “Bir sıra anlayışların ümumvəhdət fəlsəfəsi kontekstində yeni məzmun çalarları” mövzusunda seminar keçirilib.

Tədbirdə professor Zümrüd Quluzadə məruzə ilə çıxış edib.

Alim müasir elmi idrakda baş verən dəyişiklikləri qeyd edib, anlayış və kateqoriyalara yeni yanaşmalara ehtiyac yarandığını deyib. Bu keyfiyyətdə fəlsəfədə olan varlıq, idrak, inkişaf və etnos kimi anlayışların yeni məzmun çaları daşıdığı vurğulanıb.

Z.Quluzadə bunun üçün yeni metodologiyanın yaradılmasına ehtiyac olduğunu qeyd edib. Bildirilib ki, bu məsələdə Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi, sinergetika və başqa müasir sintetik elmi istiqamətlərdə işlənən metodoloji yanaşmalara nəzər salmaq olar. Azərbaycan filosoflarının bu istiqamətdə tədqiqat aparmaları vacibdir.

İnstitutun direktoru, professor İlham Məmmədzadə və digər çıxış edənlər məruzənin müxtəlif aspektləri ilə bağlı fikirlərini bildiriblər.

Qeyd olunan problem və onun Azərbaycan fəlsəfəsi ilə əlaqəli tərəflərinin növbəti seminarlarda müzakirə edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.