Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Cəlal Əliyev “Kompüter biologiyası və bioinformatika” jurnalının redaksiya heyətinin üzvü seçilib
22.01.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Cəlal Əliyev “Kompüter biologiyası və bioinformatika” jurnalının redaksiya heyətinin üzvü seçilib

AMEA Botanika İnstitutunun “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsinin müdiri, akademik Cəlal Əliyev Avstraliyada nəşr olunan “Kompüter biologiyası və bioinformatika” jurnalının redaksiya heyətinin üzvü seçilib. Bununla əlaqədar jurnalın baş redaktoru Dr. Jade MakGildən (Jade McGill) məktub daxil olub. Məktubda alimin fəaliyyətinin bu sahənin gələcək inkişafına böyük dəstək olacağı qeyd olunur.

Cəlal Əliyev tərəfindən hələ keçən əsrin 70-ci illərindən bioloji problemlərin həllinə biologiya ilə yanaşı, riyaziyyat və kompüter elmləri sahələrindən mütəxəssislərin cəlb edilməsinə başlanılmış, Azərbaycanda yeni tədqiqat istiqamətlərinin, o cümlədən, riyazi və kompüter biologiyası və bioinformatikanın bünovrəsi qoyularaq əsaslı surətdə inkişaf etdirilmişdir.

Xüsusi qeyd olunmalıdır ki, biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri akademik Cəlal Əliyev olmuşdur. Bu elmi ixtisasların vəhdəti nəticəsində respublikada ilk dəfə olaraq biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Bu istiqamətdə ixtisaslaşmış azərbaycanlı alimlər hazırda ölkəmizdə və onun hüdudlarından kənarda (Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Pakistan, Oman, Türkiyə və s.) böyük uğurlar əldə edir, Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.

Qeyd edək ki, uğurların nəticəsi kimi, 2008-ci ildə Bakı şəhərində Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Bioinformatika: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: