www.science.az
20.06.2016 10:43

Filologiya problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının 5-ci iclası keçirilib.

İclasda 4-ü elmlər doktorluğu, 31-i isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 35 dissertasiya mövzusu müzakirə olunub. Bunlardan 15-i müəyyən səbəblərdən təsdiq edilməyib və müraciət edənlərə müvafiq tövsiyələr verilib.

Tədbirdə “XX əsr Azərbaycan nəsrində Cənubi Azərbaycan mövzusu”, “Kəlilə və Dimnə”nin tərcümələrinin tekstoloji tədqiqi”, “Çarpərdinin “Şərh əş-Şafiyə fit-Təsrif” əsərinin tekstoloji tədqiqi”, “Qütbün “Xosrov və Şirin” əsərinin dili”, “Azərbaycan və ingilis dillərində meşə konsepti”, “Müxtəlif sistemli dillərdə intensivlik əlamətinin müqayisəli təhlili”, “İngilis dilində emosional (əhval-ruhiyyə) feillərinin semantik strukturu” kimi dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib. 

Müzakirələrdə filologiya üzrə elmlər doktorları Atamoğlan Həsənov, Aida Qasımova, Bədirxan Əhmədov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Mehdi Kazımov, Ramiz Əsgər, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.

İclasda Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasının iyunun 30-da keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.