www.science.az
17.06.2016 16:02

“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Almaniyada nəşr olunub

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Almaniyada “Palmarium Academic Publishing” nəşriyyatında rus dilində çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi ilə çap olunan kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, tərcüməçisi tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə, texniki redaktoru isə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

Kitabda ilkin mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmələri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt “Böyük Ermənistan” adlı dövlətin olmadığının isbatına həsr edilib.

Qeyd edək ki, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Azərbaycan, ingilis və ispan dillərində də nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.