Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.06.2016 15:05
  • A-
  • A
  • A+

“Naxçıvan epiqrafik abidələrində görkəmli şəxsiyyətlər” monoqrafiyasının təqdimatı keçirilib

“Naxçıvan epiqrafik abidələrində görkəmli şəxsiyyətlər” monoqrafiyasının təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Naxçıvan epiqrafik abidələrində görkəmli şəxsiyyətlər” monoqrafiyasının  təqdimat mərasimi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev təqdim olunan monoqrafiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, kitabda Naxçıvan Muxtar Respublikasına indiyədək gəlib çatan müsəlman epiqrafikası abidələri ilə bağlı məlumatlar verilir, orta əsrlər dövründə Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmdar və Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş 97 görkəmli şəxsiyyətlərdən bəhs olunur.

Qeyd olunub ki, tarixin mötəbər qaynaqlarından olan epiqrafik abidələr-kitabələr özlərində çoxlu görkəmli şəxsiyyətlərin adını qoruyub saxlamışlar. Monoqrafayada hökmdarlar, dövlət xadimləri, memarlar, sənətkarlar, alimlər, sufi şeyxləri, din xadimləri, xeyriyyəçilər və qadın şəxsiyyətlər adlı bölmələrdə görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat yer alıb.

Akademik İ.Hacıyev kitabın elmimiz üçün dəyərli töhfə olduğunu qeyd edib.

Sonra Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Asəf Orucovun “Görkəmli şəxsiyyətlərin öyrənilməsində epiqrafik abidələrin rolu”  mövzusunda məruzəsi dinlənilib. 

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyev, tarix üzrə fəlsəfə doktorları Zeynəb Quliyeva,  İlhami Əiyevin təqdim olunan monoqrafiya barədə fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: