Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.06.2016 13:37
  • A-
  • A
  • A+

Azərbaycan və Dağıstan alimlərinin birgə “Dərbənd xalçaçılığı” layihəsinin nəticələri müzakirə edilib

Azərbaycan və Dağıstan alimlərinin birgə “Dərbənd xalçaçılığı” layihəsinin nəticələri müzakirə edilib

Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunda Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Dərbənd xalçaçılığı” layihəsinin nəticələri müzakirə edilib. 

Layihənin rəhbəri “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradov layihənin əsas prinsipləri, gedişatı, aparılan ekspedisiyalar barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin nəticələri “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” adlı kitabda öz əksini tapıb. Kitabda Dərbənd xalçaçılığının səciyyəvi xüsusiyyətləri, inkişaf mərhələləri, onların özünəməxsus cəhətləri ətraflı tədqiq olunub, həmçinin bu qədim şəhərin tarixi, etno-mədəni mühiti ilə bağlı maraqlı oçerklər, burada inkişaf etmiş ayrı-ayrı sənət sahələrinə dair arxiv materailları oxuculara təqdim edilib.

V.Muradov qeyd edib ki, layihə çərçivəsində Rusiyanın Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyi, Dövlət Tarix Muzeyi, Etnoqrafiya Muzeyi, Antropologiya və Etnoqrafiya Muzeyi, Dövlət Ermitajı kimi məşhur mədəniyyət ocaqlarında qorunan Dərbənd bölgəsində toxunan qədim xalçalar da tədqiqata cəlb olunub.

Görüşdə Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri namizədi Mahaç Musayev, Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunun direktoru Əli İbrahimov, tarix elmləri doktorları Camal MustafayevNazim Məhəmmədov, filologiya elmləri doktoru Tehran Alışanlı, tarix elmləri namizədləri Emil KərimovQoşqar QoşqarlıŞərafəddin Məhərrəmov və digərləri Azərbaycan və Dağıstan alimlərinin ilk birgə layihəsi olan “Dərbənd xalçaçılığı”nın əhəmiyyətindən danışıblar.

Görüşdə layihənin nəticələri, beynəlxalq miqyasda təbliği, Dərbənd şəhərinin tarixinin öyrənilməsi istiqamətində iki ölkə alimlərinin birgə fəaliyyət perspektivləri müzakirə edilib, həmçinin “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” kitabının siqnal nüsxəsinin nəşrinə dair rəy və təkliflər səsləndirilib.      

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: