Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2016 17:19
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

İyunun 3-də AMEA Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Gündəlikdə yer alan ilk məsələ "Azərbaycan Respublikasının coğrafiyası” üçcildlik monoqrafiyasının Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına layiq görülməsi olub.

AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən “2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında” 26 may 2016-cı il tarixli Sərəncam imzalanıb. Sərəncama əsasən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya üzrə elmlər doktoru Zakir Eminov müəllifi olduqları "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə elm sahəsi  üzrə Dövlət mükafatı ilə təltif ediliblər.

AMEA rəhbəri bildirib ki, Azərbaycan coğrafiya elmində analoqu olmayan "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyanın nəşrində əsas məqsəd ölkə ərazisinin təbii-coğrafi, iqtisadi-coğrafi, ekocoğrafi xüsusiyyətlərini geniş ictimaiyyətə təqdim etməkdir. Trilogiyanın çoxsaylı xəritə, qrafik və sxemlərlə müşayiət olunan, "Azərbaycan Respublikasının fiziki coğrafiyası" adlanan I cildində ölkəmizin coğrafi mövqeyi, oroqrafiyası, öyrənilmə tarixi, geoloji quruluşu, faydalı qazıntıları, paleocoğrafiyası, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü landşaftları, Xəzər dənizinin səciyyəvi xüsusiyyətləri son elmi-nəzəri və metodiki baxışlar əsasında təhlil və tədqiq edilir. "Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası" adlanan II cild ölkənin iqtisadi, siyasi və sosial-demoqrafik problemlərinin tədqiqinə, onların yaranması səbəbləri və aradan qaldırılması istiqamətində təklif və tövsiyələrin işlənib hazırlanmasına həsr edilib. Kitabın "Azərbaycan Respublikasının regional coğrafiyası" adlanan III cildində Azərbaycan Respublikası regionlarının fiziki və iqtisadi coğrafi xüsusiyyətləri və inkişaf perspektivləri araşdırılır. Eyni zamanda, regionların inkişafı haqqında Dövlət Proqramlarından irəli gələn iqtisadi-coğrafi məsələlərin həlli və həmin proqramların həyata keçirilməsi, respublikanın dayanıqlı iqtisadi inkişafının, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən və görülməsi vacib olan məsələlər tədqiq edilir. Həmçinin respublika rayonlarının iqtisadi potensialı təhlil edilir, gələcəkdə inkişaf etdirilməsi məqsədəuyğun hesab olunan təsərrüfat sahələri göstərilir və perspektiv inkişaf istiqamətləri müəyyən edilir.

Akademik Akif Əlizadə Dövlət mükafatı ilə təltif olunan Coğrafiya İnstitutunun əməkdaşlarını təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Mükafatçılar adından çıxış edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AMEA rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu mükafatın Coğrafiya İnstitutunun bütün kollektivinin birgə əməyinin məhsulu olduğunu vurğulayıb.

Sonra Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə "Azərbaycanın müasir landşaft-geomorfoloji kompleksləri, təbii-dağıdıcı proseslərin onlarda yaratdığı ekocoğrafi risk və təhlükələr"  mövzusunda məruzəsini təqdim edib.

Alim bildirib ki, müasir qlobal iqlim dəyişiklikləri və Yer kürəsində təbii geosistemlərə olan təbii-antropogen təzyiqlər durmadan artır. Bu isə öz növbəsində ekocoğrafi mühitdə əvvəllər müşahidə olunmayan ekodinamiki gərginliklər yaradır. Elbrus Əlizadə ortaya çıxan təhlükələrin qiymətləndirilməsi, baş verə biləcək risklərin proqnozlaşdırılması məqsədilə ətraf mühitin müasir dinamiki vəziyyətini tədqiq etməyin, inkişaf trendlərini müəyyənləşdirməyin vacibliyini vurğulayıb. Direktor müavini Coğrafiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlardan danışıb: "İnstitutda qlobal iqlim dəyişiklikləri fonunda ölkə ərazisində gərgin təbii antropogen şəraitdə formalaşan landşaft-geomorfoloji geosistemlərinin müasir vəziyyəti, yeni metod və üsullardan – aero və kosmik şəkillərin rəqəmsəl deşifrlənməsi, onların ARCGİS mühitdə təhlili, və s. tədqiq edilib".

Məruzəçi ilk dəfə olaraq iri və orta miqyaslı "Azərbaycan Respublikasının müasir landşaftı" və "Azərbaycan Respublikasının geomorfoloji" xəritələrinin hazırlandığını da diqqətə çatdırıb.

Bakı ərazisində sürüşmə prosesinin inkişaf dinamikasının tədqiq edildiyini deyən alim paytaxtın perspektiv inkişaf planı nəzərə alınmaqla sürüşmə-uçqunların potensial yayılma areallarının aşkarlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda mövcud sürüşmələr ilk dəfə proqnozlaşdırılan sahələrin cəmi 10-20 faizini əhatə edir.

Elbrus Əlizadə bildirib ki, alınan  kompleks məlumatlar emal edilərək ölkə ərazisindəki geokomplekslərdə müxtəlif məzmunlu və istiqamətli landşaft-ekoloji qiymətləndirilmələr aparılıb. Baş verən qlobal və regional dəyişikliklər nəzərə alınmaqla gələcəkdə tətbiqi xarakterli antropogen-geomorfoloji, geomorfoloji risk, landşaft-ekoloji, tibbi-landşaft və landşaft-geokimyəvi istiqamətli tədqiqatların genişləndirilməsinin məqsədəuyğun olduğu əsaslandırılıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasda kadr məsələlərinə də baxılıb. Geologiya və Geofizika İnstitutunun bir neçə əməkdaşı ştatda vakant olan aparıcı və böyük elmi işçi vəzifələrinə təyin olunub.

Sonda bir sıra cari məsələlər də müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: