Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2016 16:47
  • A-
  • A
  • A+

“Azərbaycanın böyük dövlət xadimi - Həsən Padşah” mövzusunda konfrans keçirilib

“Azərbaycanın böyük dövlət xadimi - Həsən Padşah” mövzusunda konfrans keçirilib

İyunun 2-də Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbdə AMEA Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycanın böyük dövlət xadimi - Həsən Padşah” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan danışıb. Azərbaycanın 5 min illik dövlətçilik tarixinin olduğunu söyləyən alim xalqımızın orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratdığını bildirib.

Y.Mahmudov Ağqoyunlu hökmdarı Həsən Padşah haqqında konfrans iştirakçılarına məlumat verərək qeyd edib ki, onun hakimiyyəti illərində Ağqoyunlu Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi imperiyaya çevrilib. XV əsrin 60-70-ci illərində Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf edib. Həsən Padşah bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridib. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırladıb.

Y.Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev Həsən Padşahı Azərbaycanın böyük dövlət xadimi adlandırıb.

Bildirilib ki, Həsən Padşah Qurani-Kərimi azərbaycancaya tərcümə etdirib, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırıb.

Həsən Padşahın dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolunun artdığını söyləyən institut direktoru onun elmin, maarifin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

Konfransda lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Şahin Fazil, Dilavər Əzimli, 144 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova və başqaları çıxış ediblər.

Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində layihə çərçivəsində ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Şah Təhmasib Səfəvi, Tomiris və Şah Abbasa həsr olunmuş konfranslar təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: