Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Eynəli bəy Sultanov: “Hekayələr” kitabının təqdimatı keçirilib
02.06.2016 16:00
  • A-
  • A
  • A+

“Eynəli bəy Sultanov: “Hekayələr” kitabının təqdimatı keçirilib

İyunun 2-də AMEA Naxçıvan Bölməsində “Eynəli bəy Sultanov: “Hekayələr” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin elmi işçisi Elxan Məmmədovun topladığı hekayələrin nəşr olunduğu kitabda Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Eynəli bəy Sultanovun çoxcəhətli yaradıcılıq fəaliyyətinin əks olunduğunu bildirib.

Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultan­ovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir. 

Sonra Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Eynəli bəy Sultanovun ədəbi-bədii irsinin öyrənilməsi və nəşri məsələləri” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilov, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, institutun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov çıxış ediblər. Bildirilib ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin məsləhətçisi və ön sözünün müəllifi olduğu yeni kitabda 33 hekayə toplanıb. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabda “Naxırçı qızı Gözəl”, “Bülbül”, “Cənub gecələri”, “Qurd balası”, “Çalma”, “Təzə pir” kimi hekayələr yer alıb.

Sonda materialları toplayıb tərtib edən, nəşrə hazırlayan, Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov çıxış edərək Eynəli bəy Sultanov irsinin hərtərəfli öyrənilməsinə yol açan müvafiq dövlət sərəncamının əhəmiyyətini vurğulayıb, tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: