Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.06.2016 17:33
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

İyunun 1-də AMEA Fiziologiya İnstitutunda Belarus Respublikası Herontoloji İctimai Birliyinin sədri, Rusiya Federasiyasının Tibbi-bioloji Agentliyi Təkmilləşmə İnstitutunun Terapiya, heriatriya və antiqocalma təbabəti kafedrasının müdiri, professor A.Y.İlnitskiy və “Herontologiya” Elmi-tədqiqat tibbi mərkəzin direktoru, tibb elmləri doktoru K.İ.Proşşayevlə görüş keçirilib.

Fiziologiya İnstitutunun direktoru, b.ü.e.d. Ulduz Həşimova rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib.

Görüşdə hər iki ölkənin elmi təşkilatları arasında, həmçinin Belarus Herontoloji İctimai Birliyi ilə yeni yaranan Azərbaycan Herontoloji Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Elmi əməkdaşlığın əsas istiqamətləri kimi qocalma proseslərinin, uzunömürlülərdə ürək-damar və sinir sistemləri vəziyyətinin tədqiqi, zəfəranın heroprotektor effektinin fizioloji, biokimyəvi və kliniki baxımdan kompleks şəkildə öyrənilməsi, onun potensial proandrogen xassələrinin üzə çıxarılması və fitoandrogen kimi preventiv heriatriyada – antiqocalma təbabətində istifadəsi sahələri nəzərdə tutulub.

Tərəflər, həmçinin Herontologiya və Heriatriya Beynəlxalq Assosiasiyasının 2017-ci ildə ABŞ-da keçiriləcək konqresi çərçivəsində uzunömürlülük problemləri üzrə xüsusi seksiyanın hazırlanmasına dair razılığa gəliblər.

Belarus alimləri ilə AMEA-nın Alimlər Evində görüş də keçirilib. Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşlarının və tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə prof. A.N.İlnitskinin “Qocalma və tibb müasir dünyada” mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: