Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.05.2016 15:01
  • A-
  • A
  • A+

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının müzakirəsi aparılıb

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının müzakirəsi aparılıb

Akademik Rafael Hüseynovun sədrliyi ilə Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurası nəzdində Filologiya problemləri üzrə elmi şuranın növbəti iclası keçirilib.

Geniş fikir mübadilələri ilə müşayiət olunan iclasda 5-i elmlər doktorluğu, 28-i fəlsəfə doktorluğu olmaqla, 33 nəfərin dissertasiya mövzusu müzakirə edilib. Onlardan 9-u müəyyən nöqsanlara görə təsdiq olunmayıb, 24 dissertasiya mövzusu isə müvafiq dəyişikliklər edilməklə təsdiq edilib.

“Azərbaycan dilinin tarixi antroponimikası”, “XVII-XVIII əsrlər Azərbaycan-Türkiyə ədəbi əlaqələri (əlyazma qaynaqları əsasında)”, “Azərbaycan elmi fantastikasının təşəkkülü, inkişaf istiqamətləri və dünya ədəbiyyatı ilə əlaqələri”, “Müasir german dillərində fonetik-leksik səviyyədə yeni meyllərin yaranması”, “ABŞ-da türk mühacirət ədəbiyyatı”, “Deverbativlərin semantik, sintaktik və prosodik xüsusiyyətləri (ingilis dili materialları əsasında)”, “Nizami Gəncəvi “Xəmsə”sində “zaman” konseptinin linqvistik ifadə vasitələri”, “Füyuzat” jurnalında Qərb ədəbiyyatı məsələləri”, “Müasir fransız dilində fitonim tərkibli frazeoloji birləşmələr”, “XX əsrin əvvəlləri Azərbaycan poeziyası ingilisdilli ədəbiyyatşünaslıqda” kimi mövzuların aktuallığı, iddiaçıların araşdıracaqları məslələrlə bağlı səriştəliliyi diqqəti cəlb edib.

Şuranın sədr müavini, f.ü.e.d Əsgər Rəsulov, professorlar Aida Qasımova, Atamoğlan Həsənov, Fəxrəddin Veysəlli, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktorları Azadə Musayeva, Bilal İsmayılov, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli və başqaları müzakirələrdə fəal iştirak edərək, ayrı-ayrı mövzu və problemlərlə əlaqədar fikir və mülahizələrini bölüşüb, bir sıra təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: