Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Gəncə Bölməsində akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
31.05.2016 09:53
  • A-
  • A
  • A+

AMEA Gəncə Bölməsində akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub

Mayın 27-də AMEA Gəncə Bölməsində Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Gəncə Şəhər Səhiyyə İdarəsinin nümayəndələrinin və Gəncə Bölməsinin əməkdaşlarının iştirak etdiyi tədbirdə bölmənin akademik-katibi, akademik Fuad Əliyev Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında böyük xidmətləri olan Vəli Axundovun həyatı və elmi-ictimai fəaliyyəti haqqında məruzə edib.

Konfransın Prezident İlham Əliyevin “Vəli Yusif oğlu Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyən akademik F.Əliyev qeyd edib ki, görkəmli alim Azərbaycan dövlətçiliyində və elmdə yüksək zirvələr fəth edib. AMEA-nın vitse-prezidenti vəzifəsində çalışan alim elmi kadrların hazırlanmasına böyük əmək sərf edib. Onun rəhbərliyi ilə çox sayda doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub.

Sonra bölmənin əməkdaşı Elnur Həsənov V.Axundovun həyat və yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, Vəli Axundov 1916-cı il mayın 14-də Bakının Saray kəndində anadan olub, 1935-ci ildə Bakı Sənaye Texnikumunu, 1941-ci ildə isə Azərbaycan Tibb İnstitutunu bitirib. Vəli Axundov hərbi həkim kimi 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, ordudan tərxis olunduqdan sonra Elmi-Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda işləyib, instituta və Səhiyyə Nazirliyinə rəhbərlik edib. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifələrində çalışıb. Vəli Axundov eyni vaxtda Sov.İKP MK-nın Zaqafqaziya bürosunun üzvü olub. 1969-cu ildə Elmlər Akademiyasının vitse-prezidenti seçilib, 1972-ci ildə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutuna direktor təyin edilib.

Tədbirdə Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev akademik V.Axundovun həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan danışıb.

Daha sonra ped.ü.f.d. Aləmzər Tağıyevanın “Dövlət idarəçiliyi Vəli Axundov nümunəsi” mövzusunda məruzəsi dinlənilib. O, Vəli Axundovu müxtəlif məsul vəzifələrdə çalışdığı uzun illər ərzində təqdirəlayiq fəaliyyət göstərən ictimai xadim, respublikada səhiyyə işinin təşkilinə töhfə verən alim kimi səciyyələndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: