Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

25.05.2016 12:47
  • A-
  • A
  • A+

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı oldu

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı oldu

Mayın 25-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Kamal Talıbzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)” və “Seçilmiş əsərlər” kitablarının təqdimat mərasimi keçirildi.

Tədbirdə tanınmış elm və mədəniyyət nümayəndələri, Ədəbiyyat İnstitutunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Abdulla Şaiqin Ev Muzeyinin əməkdaşları iştirak edirdilər.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Kamal Talıbzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi, görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığı tarixində mühüm xidmətlərindən danışdı. O, qeyd etdi ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olan akademik Kamal Talıbzadə Azərbaycan ədəbi tənqidinə, onun tarixi və nəzəriyyəsinin öyrənilməsinə bütöv bir ömür sərf etmişdir. Öz yaradıcılığında ədəbi əlaqələrə böyük önəm vermiş görkəmli alim bu istiqamətdə görülən işləri daha da zənginləşdirmişdir. O, həmişə gəncliyə açıq olmuş, zəhmətkeş və istedadlı gənclərə diqqət və qayğısını əsirgəməmişdir. 

Bildirildi ki, akademik Kamal Talıbzadə iyirminci yüzillik Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının geniş elmi portretini yaratmışdır. Onun qiymətli elmi əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin müasir inkişaf yollarına işıq salır.

Təqdim olunan nəşrlərin əhəmiyyətindən danışan AMEA-nın vitse-prezidenti bildirdi ki, kitablarda akademik K.Talıbzadənin tənqidi görüşləri, Azərbaycan ədəbi tənqidinin tarixi kökləri, ədəbi tənqidin əsas cərəyanları olan realist və romantik tənqid, Azərbaycan şeirinin dramaturgiyasının inkişaf mərhələləri haqqında araşdırmaları öz əksini tapıb. Zəngin arxiv materialları və ədəbi-tarixə əsaslanan bu əsərlərdə müxtəlif tənqidi cərəyanların ideya-estetik özünəməxsusluqları dövrün ümumi ədəbi prosesi fonunda və müasirlik işığı altında izah olunur.

Sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli “Görkəmli tənqidçi ədəbiyyatşünas Kamal Talıbzadə” mövzusunda məruzəsini təqdim etdi. Məruzədə bildirildi ki, ədəbiyyat tarixçiliyi Kamal Talıbzadənin tənqidçi təfəkkürünün möhkəm dayaqlarıdır. Ədəbi prosesin təqdimatında ədəbiyyat tarixinin faktlarına və hadisələrinə əsaslanmaqla, ədəbi gedişata istinad etməklə fikir və mülahizə yürütmək, dərin elmi ümumiləşdirmələr aparmaq alimin tənqidçi kimi münasibətini ifadə edən baxışlarının təzahürüdür.

Tədbirdə digər çıxış edənlər XX əsr Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi Kamal Talıbzadənin ənənəvilik və müasirlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini bildirdilər, onu Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında mühüm rol oynamış cəsarətli və obyektiv tənqidçi kimi səciyyələndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: