Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Milli Elmlər Akademiyası: tarix və müasirlik
03.05.2016 09:32
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyası: tarix və müasirlik

Çoxəsrlik tarixi təcrübə elmin inkişaf etdirilməsində elmi-təşkilati qurumların böyük əhəmiyyət kəsb etdiyini, hərəkətverici qüvvəyə çevrildiyini isbat etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası da tarixi zərurətdən yaranmış, ölkəmizin və xalqımızın inkişafında mühüm rol oynamışdır. Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, milli ziyalılığın və ictimai fikrin formalaşdırılması və daha da möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında Azərbaycan Milli Elmlər Akademiyasının böyük xidmətləri var. 

Milli Elmlər Akademiyasının ölkəmizin tarixindəki rolu, xidmətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin aşağıdakı sözlərində dolğun şəkildə ifadə edilib: “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi 70 illik şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla bərabər, həm də ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin mühüm bir göstəricisidir. Milli Elmlər Akademiyasında baş verən elmi-texniki yeniliklər Azərbaycan cəmiyyətində öz əks-sədasını tapmış, ölkəmizin və xalqımızın inkişafında mühüm amilə çevrilmişdir. Bu mənada iftixar hissi ilə demək olar ki, Azərbaycan xalqı və Milli Elmlər Akademiyası bir-birindən ayrılmaz anlayışlardır. Ölkəmizin elmi həyatında, milli ictimai fikrin formalaşdırılmasında, əlaqələndirilməsində, yüksəlişində və istiqamətləndirilməsində Azərbaycan Elmlər Akademiyası baş qərargah funksiyasını daim böyük şərəflə və məsuliyyətlə həyata keçirir. Respublikamızda elmi ideyaların, tədqiqat işlərinin geniş və möhkəm şəbəkəsinin yaradılması, yeni elmi nəslin formalaşdırılması vəzifələrini yerinə yetirmək yollarında da Milli Elmlər Akademiyası öz fəaliyyətini uğurla davam etdirir.

Etiraf etmək lazımdır ki, Azərbaycan Milli Elmlər Akademiyası görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyəti illərində böyük sürətlə inkişaf etmişdir. Ölkənin və xalqın həyatında, dirçəlişində elmin roluna və əhəmiyyətinə xüsusi fikir verən Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasını respublikanın əsas elmi mərkəzi olmaqdan ali dövlət elm təşkilatı səviyyəsinə yüksəltmişdir. Böyük öndərin 4 yanvar 2003-cü il tarixində imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” fərman bu böyük elm ocağının nəinki qorunub saxlanılmasına, hətta imkanlarının daha da genişləndirilərək fəaliyyətini yeni formatda davam etdirməsinə böyük üfüqlər açmışdır. 

Məhz bu fərmanla Azərbaycan Milli Elmlər Akademiyası bütövlükdə müstəqil Azərbaycan Respublikasının elm siyasətini həyata keçirən, inkişaf etdirən əsas ali dövlət elm təşkilatı statusu qazanmışdır. Müqayisə üçün deyək ki, yeni tarixi epoxada müstəqillik qazanmış ölkələrdən heç birində Elmlər Akademiyası dövlət səviyyəsində bu cür yüksək status ala bilməmişdir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası ulu öndərin təliminin işığında “ali dövlət elm təşkilatı” kimi fəaliyyətini uğurla davam etdirməkdədir. Elmlər Akademiyasının adındakı “milli” ifadəsi akademiyanın müstəqil dövlətin və xalqın mənafeyini bir yerdə ifadə etdiyini bildirən konkret anlayışdır.

Azərbaycanda müstəqil elmi-təşkilati qurumun yaradılması işinə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili ilə başlanmışdır. Bu təşkilatın fəaliyyəti ölkədə elmi-tədqiqat işlərini istiqamətləndirmək, ekspedisiyalar təşkil etmək, müzakirələr keçirmək baxımından ilk böyük addımlar olsa da, sistemli və fundamental tədqiqatların aparılmasına və tətbiqinə geniş imkan verə bilməmişdir. Bunun ardınca 1929-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində yaradılmış Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun əsas istiqaməti siyasi və iqtisadi vəzifələrin, tədris-metodiki işlərin həllinə yönəldildiyi üçün ölkə üzrə elm sahəsində xüsusi bir canlanma yaratmaq mümkün olmamışdır. Bununla belə, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu respublikada elmi fəaliyyətlə məşğul olan yaradıcı qüvvələri bir yerdə cəmləşdirmək, onların elmi fəaliyyətlərini müəyyən olunmuş istiqamətlər üzrə əlaqələndirmək baxımından bir çox faydalı addımlar atmaqla gələcək akademiya üçün müəyyən zəmin hazırlamışdır. Bu mənada 29 dekabr 1932-ci ildə yaradılmış SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi respublikada o vaxta qədər mövcud olmuş elmi bazanın əsasında təşkil olunduğu üçün səmərəli şəkildə fəaliyyətə başlamışdır. İttifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində yaradılmış sektorlar konkret olaraq ayrı-ayrı ixtisaslar üzrə elmi araşdırmaların aparılması işlərini təşkil etmiş, buna görə də az sonra akademiyanın tərkibində müstəqil elmi-tədqiqat institutlarına çevrilə bilmişdilər. Lakin mövcud strukturun çoxmərtəbəli tabelik prinsipləri əsasında fəaliyyət göstərməsi idarəetmədə müəyyən çətinliklər yaratdığından az sonra mərkəzi təşkilatla birbaşa işləyən yeni qurumun yaradılması zərurəti meydana çıxmışdır. 

Beləliklə, 25 oktyabr 1935-ci ildə akademik Frans Yulyeviç Levinson-Lessinqin (1861-1939) rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Şöbəsinin bazasında mərkəzi elmi qurumla əlaqəli çalışan Azərbaycan filialı yaradılmışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi ilə Azərbaycanın artıq akademiyanın şöbə qismində deyil, filial statusunda fəaliyyət göstərməsinə meydan açmışdır. Azərbaycan filialı respublikada elmi qüvvələrin təşkilatlanması üçün xeyli dərəcədə irəli getmişdir. Qısa müddət ərzində Azərbaycan filialında kimya, geologiya, tarix, etnoqrafiya və arxeologiya, botanika, zoologiya, energetika, fizika və torpaqşünaslıq bölmələri təşkil olunmuşdur. Statusun artması Azərbaycan filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində aparılmış tədqiqatlar daha sistemli və ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə özünün müsbət təsirini göstərmişdir. Xüsusən, kimya, geologiya, coğrafiya, botanika, energetika istiqamətləri üzrə əldə edilmiş mühüm elmi nəticələr, irəli sürülən böyük təşəbbüslər SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına böyük nüfuz qazandırmışdır. Humanitar və ictimai elmlər sahəsində çalışan yaradıcı qüvvələrin böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıq sahəsində gördükləri genişmiqyaslı tədqiqat, tərcümə və çap işləri keçmiş Sovetlər İttifaqı miqyasında diqqəti cəlb edən mühüm hadisəyə çevrilmişdir. Bu dövrdə tarix, arxeologiya, dilçilik, etnoqrafiya üzrə də sistemli elmi tədqiqatların möhkəm bünövrəsi yaradılmışdır. Azərbaycan Respublikasının ilk dəfə olaraq geoloji xəritəsinin hazırlanması, vulkanologiya tədqiqatlarına başlanılması, mezozoy dövrünün öyrənilməsi üzrə birinci addımların atılması, müalicəvi əhəmiyyətə malik olan Naftalan neftinin aşkara çıxarılması, Mingəçevir su-elektrik stansiyasının, Samur-Dəvəçi kanalının yaradılması planlarının meydana çıxması, Azərbaycan florasına həsr edilmiş 3 cildlik materiallar toplusunun, coğrafiya atlasının nəşr edilməsi SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının həyata keçirdiyi mühüm elmi layihələr sırasında xüsusi yer tuturdu.

Bütün bunlara görə də heç bir tərəddüd və maneə olmadan mövcud elmi baza əsasında 27 mart 1945-ci il tarixdə Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuşdur. Elmlər Akademiyasının ilk təsisçiləri olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri Azərbaycan elminin və ictimai-ədəbi fikrinin qızıl fondunu təşkil edən, cəmiyyətdə qəbul olunmuş böyük ziyalılar idilər - Mirəsədulla Mirqasımov (1883-1958), Üzeyir Hacıbəyov (1885-1948), Mirzə İbrahimov (1911-1993), Səməd Vurğun Vəkilov (1906-1956), Yusif Məmmədəliyev (1905-1961), İosif Yesman (1868-1955), Əbdülkərim Əlizadə (1906-1979), Aleksandr Qrossheym (1888-1948), Şamil Əzizbəyov (1906-1976), Heydər Hüseynov (1908-1950), Mirəli Qaşqay (1907-1977), Sadıq Dadaşov (1905-1946), Mikayıl Hüseynov (1905-1992), İvan Şirokoqorov (1869-1946) və Mustafa Topçubaşov (1895-1981) kimi Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçiləri Azərbaycanda və keçmiş Sovetlər İttifaqı miqyasında böyük nüfuz sahibi olan adlı-sanlı şəxsiyyətlər idilər. Azərbaycan Elmlər Akademiyasının 31 mart 1945-ci il tarixli ümumi yığıncağında tanınmış həkim, əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımov bu ali elmi təşkilatın ilk prezidenti seçilmişdir. Bu görkəmli elm xadiminin rəhbərliyi dövründə təşkil edilmiş Geologiya-Kimya Elmləri bölməsi, Fizika-Texnika Elmləri və Neft bölməsi, Biologiya və Kənd Təsərrüfatı Elmləri bölməsi, İctimai Elmlər bölməsi və həmin bölmələrin tərkibindəki 16 elmi-tədqiqat institutu yarandığı dövrün əsas inkişaf istiqamətlərini əhatə etmişdir. Bundan başqa, o zaman Naxçıvanda, Gəncə şəhərində, Xankəndidə və Qubada akademiyanın elmi bazaları yaradılmış, Mərkəzi Elmi Kitabxana təsis edilmiş, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi və Azərbaycan Tarixi Muzeyi fəaliyyətə başlamışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının tarixində dünya şöhrətli görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin böyük xidmətləri olmuşdur. Yusif Məmmədəliyev İkinci Dünya müharibəsi illərində Sovetlər İttifaqının böyük qələbəsinin qazanılmasında xüsusi rolu olan yüksək oktanlı benzini kəşf etmiş, istehsalına və aviasiya sənayesində tətbiqinə nail olmuşdur. Bu böyük elmi kəşfinə görə Nobel mükafatı laureatlığına Yusif Məmmədəliyevin adı çəkilsə də, sovet rejimi, xüsusən də Kremldəki erməni qruplaşması buna imkan verməmişdir. Bununla belə, akademik Yusif Məmmədəliyev neft kimyası sahəsindəki xidmətləri nəzərə alınaraq 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. 

Azərbaycan alimləri akademik Yusif Məmmədəliyevə 1947-1950-ci və 1958-1961-ci illərdə iki dəfə Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmaq üçün böyük etimad göstərmişlər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi illərində akademiyada elmin hərtərəfli şəkildə inkişaf etdirilməsi üçün mühüm addımlar atılmış, Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası, Əlyazmalar İnstitutu, Sumqayıtda elmi-tədqiqat kimya institutları yaradılmışdır. Yusif Məmmədəliyev Azərbaycanda neft elminin möhkəm və sistemli əsaslarını yaratmış, neftin tədqiqi ilə məşğul olan əsas elmi qurumların formalaşmasında, təkmilləşməsində və inkişafı sahəsində böyük xidmətlər göstərmişdir. Akademik Yusif Məmmədəliyev Azərbaycan neft kimyası elmi məktəbinin banisidir. Yusif Məmmədəliyevin neft kimyası məktəbi elmi ideyaları və mühüm nəticələrinə görə keçmiş Sovetlər İttifaqı məkanında və dünyada tanınaraq qəbul olunmuşdur. Azərbaycan Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin yaradılması və inkişafında da dünya şöhrətli akademik Yusif Məmmədəliyevin böyük xidmətləri vardır.

Azərbaycanda paleontologiya elminin yaradıcılarından olan akademik Musa Əliyevin (1908-1985) rəhbərliyi dövründə (1950-1958) isə Azərbaycan Milli Elmlər Akademiyasında neft kimyası elmi məktəbini tamamlayan yer elmləri geniş miqyasda inkişaf etmişdir. Neft Daşlarında Azərbaycan elmi üçün yeni imkanlar yaradılmışdır. Azərbaycan alimləri Qafqazdan Orta Asiyaya və Sibirə qədər böyük coğrafiyada, hətta Əlcəzairdə axtarış-kəşfiyyat və elmi-tədqiqat işləri ilə məşğul olmaq imkanları qazanmışlar. Akademiya şəhərciyinin yaradılması da həmin dövrün əhəmiyyətli hadisəsidir.

Akademik Zahid Xəlilovun Azərbaycan Elmlər Akademiyasına rəhbərlik etdiyi (1962-1967) illərdə ölkəmizdə fizika-riyaziyyat elmlərinin inkişafı ön mövqeyə çəkilmişdir. Riyaziyyat və Mexanika İnstitutunun direktoru və Fizika-Texnika Elmləri bölməsinin akademik-katibi kimi Zahid Xəlilov (1911-1974) bu sahədəki çoxillik səmərəli fəaliyyəti ilə Azərbaycan riyaziyyat elmi məktəbini formalaşdırmışdır. Akademik Rüstəm İsmayılovun (1909-1972) prezidentlik fəaliyyəti ilə fundamental akademik elmi respublikanın sənaye potensialına, iqtisadi proseslərə doğru inkişaf etmişdir. 

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda dövlət rəhbərliyinə gəlməsi ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri ilə yanaşı, elmin də inkişafında yeni mərhələ başlanmışdır. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilmiş, ölkədə alimin və elmin nüfuzu yüksəldilmişdir. Azərbaycan Respublikasının elm siyasətinin həyata keçirilməsində Elmlər Akademiyası ön mövqeyə çəkilmişdir. Azərbaycanda yarımkeçiricilər fizikası elmi məktəbini yaratmış Həsən Abdullayev (1918-1993) Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi böyük təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Bu zaman Azərbaycan Elmlər Akademiyasında elmin bütün sahələrinin inkişafına xüsusi diqqət yetirilmişdir. İctimai və humanitar elmlər Azərbaycanda milli ideyaların, ictimai proseslərin inkişafına xidmət etmişdir. Dövrün görkəmli alimlərindən Ziya Bünyadov, Məmməd Arif Dadaşzadə, Əhməd Mahmudov, Məmməd Cəfər Cəfərov, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, Mikayıl Hüseynov, Asəf Nadirov, Məmmədağa Şirəliyev, Firudin Köçərli və başqaları keçmiş Sovetlər İttifaqında və ölkəmizdə böyük nüfuz sahibi kimi qəbul edilən görkəmli alimlər olaraq böyük elmi məktəblərin və yeni elmi nəsillərin formalaşmasında mühüm rol oynamışlar. Haqlı olaraq 1970-1983-cü illəri əhatə edən bu tarixi mərhələ Azərbaycan elminin qızıl dövrü adlandırılır. Həmin tarixi mərhələdə Azərbaycanda elmin bütün sahələrinin görkəmli liderləri meydana çıxmışdır. Aqrar elmin və biologiya elmlərinin nəticələri ölkənin iqtisadi potensialının güclənməsində əsas faktora çevrilmişdir. Akademik Cəlal Əliyevin kənd təsərrüfatının inkişafına xidmət edən tədqiqatları əsasında Azərbaycanda yeni seleksiya elmi məktəbi yaranmışdır. Akademik Zərifə xanım Əliyeva keçmiş Sovet İttifaqı miqyasında görkəmli oftalmoloq alim kimi böyük ad-san qazanmışdır. Yer elmləri üzrə Həsən Əliyev, Ələşrəf Əlizadə, Şəfayət Mehdiyev, Azad Mirzəcanzadə, Akif Əlizadə, Şirəli Məmmədov, Budaq Budaqov, Sübhi Salayev, Mustafa Hüseynov, fizika-riyaziyyat elmləri sahəsində Əşrəf Hüseynov, İbrahim İbrahimov, Arif Paşayev, İsmayıl İbrahimov, Maqsud Cavadov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, kimya elmləri üzrə Murtuza Nağıyev, Əli Quliyev, İzzət Orucova, Həbibulla Şaxtaxtinski kimi görkəmli alimlərin səmərəli elmi fəaliyyəti respublikanın ümumi inkişafına təkan vermiş, cəmiyyət həyatında böyük əks-səda doğurmuşdur. 

Azərbaycan Elmlər Akademiyasında təcrübə-konstruktor bürolarının yaradılması, təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin meydanının genişləndirilməsi ilə fundamental akademik elm inkişaf edən cəmiyyətlə birlikdə irəliyə doğru addımlamışdır. Bununla Sovetlər İttifaqı miqyasında Elmlər Akademiyası sistemində istehsalat yönümlü elmin ilkin əsasları yaradılmışdır. Fizika İnstitutunun təcrübə zavodu, xüsusi konstruktor bürosu, “Kristall” zavodu, metalşünaslıq üzrə xüsusi konstruktor-texnoloji bürosu, Tətbiqi Fizika İnstitutu kimi yeni qurumlar akademiyada mühəndis-texniki elmin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan Elmlər Akademiyası beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edən əsaslı elmi mərkəzlərdən biri kimi qəbul olunmuşdur. Azərbaycan elminin yeni nəslinin keçmiş Sovetlər İttifaqının böyük elmi məktəblər yaratmış mərkəzlərində təcrübə keçmələrinə geniş imkanlar yaradılmışdır. Azərbaycan Elmlər Akademiyasının 1975-ci ildə “Xalqlar dostluğu” ordeni ilə təltif olunması böyük əks-səda doğurmuşdur. 

Azərbaycan elmi müstəqillik ərəfəsinin və dövlət müstəqilliyinin başlanğıc dövrlərinin cəmiyyətdə baş vermiş proseslərlə əlaqədar böyük çətinliklərini də yaşamalı olmuşdur. Təəssüf ki, keçən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan cəmiyyətində hətta Elmlər Akademiyasını bağlamaq cəhdləri nümayiş etdirilmiş, bu haqda məsuliyyətsiz bəyanatlar da səsləndirilmişdir.

Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizdə akademiyanın, elmin, alimin, milli ziyalılığın nüfuzu yenidən bərpa olunmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 21 sentyabr 1993-cü il tarixdə Azərbaycan Elmlər Akademiyasında ziyalılarla tarixi görüşü xarici ölkələrə beyin axınının qarşısını almış, elmin yeni epoxada inkişafına start vermişdir. Ulu öndər Heydər Əliyevin həmin görüş zamanı dediyi aşağıdakı fikirlər Azərbaycan elminin keçid dövrü taleyində müstəsna rol oynamışdır: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları bağlamaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. ...Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir.

...Bir daha deyirəm ki, dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix, insanlar həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər... Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər. Biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidentləri Fəraməz Maqsudovun (1930-2000) və Mahmud Kərimovun (1947-2013) rəhbərlik etdikləri illərdə Elmlər Akademiyasında sabitlik qorunub saxlanılmış, gələcək inkişaf üçün müəyyən hazırlıq işləri aparılmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövründə cəmiyyət həyatının bütün sahələrində həyata keçirdiyi islahatlar Elmlər Akademiyasının da yenidən dirçəldilməsinin möhkəm əsaslarını təşkil edir. Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” adının verilməsi, akademiyanın ali dövlət elmi təşkilat statusu qazanması, regionlarda Milli Elmlər Akademiyasının bölmələrinin və elmi mərkəzlərinin yaradılması Azərbaycan tarixinin Heydər Əliyev epoxasının mühüm hadisələrindəndir. Naxçıvan Regional Elmi Mərkəzinin bazasında təsis edilmiş AMEA-nın Naxçıvan bölməsi hazırda ölkəmizin əsas elmi-tədqiqat mərkəzlərindən birinə çevrilmişdir. Həmin məqsədyönlü siyasətin davamı kimi Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi üçün müasir tipli yeni binanın istifadəyə verilməsi, Gəncə bölməsinin və Quba regional mərkəzinin yaradılması, Şəki və Lənkəran elmi mərkəzlərinin yenidən formalaşdırılması həmin regionlarda elmi qüvvələrin cəmləşdirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə öz töhfələrini verir. Naxçıvan MR Ali Məclisi ilə AMEA arasında 5 iyul 2014-cü ildə əməkdaşlıq müqaviləsinin imzalanması, Gəncə bölməsinin bazasında rəyasət heyətinin səyyar iclasında mühüm məsələlərin müzakirəyə çıxarılması regionların inkişafı üzrə dövlət proqramının həyata keçirilməsində Azərbaycan elminin rolunu daha da genişləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının regionda əsas elmi mərkəzə çevrilməsi üçün elm sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə böyük imkanlar yaratmışdır. Prezident İlham Əliyevin 2013-cü il ildə Şamaxı Astrofizika Rəsədxanasına səfəri zamanı və Azərbaycan Milli Elmlər Akademiyasının Elektron Kitabxanasının, Azərbaycan Milli Ensiklopediyasının müasir tipli binasının açılışı mərasimlərindəki çıxışlarında akademiyanın yeni dövrünün böyük vəzifələri öz əksini tapmışdır. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 60 və 70 illik yubileylərinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamlarda ifadə olunan fikirlər, qarşıya qoyulan vəzifələr akademiyada yeni islahatlara start vermişdir. Akademik Akif Əlizadənin 24 aprel 2013-cü ildə Milli Elmlər Akademiyasının prezidenti seçilməsindən sonra bütövlükdə ölkə üzrə və ilk növbədə isə akademiyada elm sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Akademik Akif Əlizadənin böyük islahatçılıq və yeniləşdirmə mövqeyi, yüksək təşkilatçılıq bacarığı, zəngin təcrübəsi, səyləri birləşdirmək qabiliyyəti qısa müddətdə Milli Elmlər Akademiyasında böyük dəyişikliklərin baş verməsi ilə nəticələnmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik dövrünün inkişafına yol açan yeni nizamnaməsinin ölkəmizin Prezidenti tərəfindən 11 dekabr 2014-cü ildə təsdiq edilməsi ilə akademiyanın müstəqilliyi və yeniləşməsi imkanları konkret şəkildə müəyyən olunmuşdur. Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər inkişaf konsepsiyasının qəbul edilməsi də elm sahəsində hərtərəfli inkişafın yollarına işıq salır. Aparılan islahatlar böyük nəticə verməkdədir. Ötən iki ilə yaxın dövrdə akademiyada 4 yeni elmi-tədqiqat institutu - Malekulyar Biologiya və Biotexnologiya İnstitutu, Dünya Siyasəti, Elm Tarixi və Qafqazşünaslıq institutları konkret istiqamətlər üzrə uğurla fəaliyyətə başlamışdır. Həmçinin Humanitar və İctimai Elmlər bölməsinin iki müstəqil bölməyə çevrilməsi müstəqil Azərbaycan dövlətinin elmi-ideoloji problemlərinin daha səmərəli həllində ölkəmizin alimlərinin yaxından iştirakına imkan yaradır. Bundan başqa, kimya istiqaməti üzrə fəaliyyət göstərən institutların adlarında və strukturunda edilmiş dəyişikliklər ölkə üçün aktual olan bu sahədə tədqiqat işlərinin neft və kimya sənayesi ilə birlikdə əlaqəli şəkildə aparılmasını şərtləndirir. Fizika İnstitutunun nəzdində yaradılmış Biofizika və Smart Materiallar Mərkəzində Nobel mükafatçıları olan dünyanın görkəmli fizika alimləri ilə birgə tədqiqatlar aparılır. Təcrübə sənaye zavodunun əsaslı şəkildə yenidən qurulması ilə akademiyanın brendi olan məhsullar istehsal edilərək bazara çıxarılır. Akademiyada elmlə istehsalatın əlaqələndirilməsi sayəsində artıq Naftalan yağı, lümineset-diodların istehsalı, dərman bitkilərinin emalı, ekologiyanın qorunmasını təmin edən aşqarların hazırlanması istiqamətlərində konkret innovativ proqramlar işlənib hazırlanmışdır. Uzun illər Kibernetika İnstitutu adı ilə fəaliyyət göstərmiş elmi-tədqiqat qurumunun “İdarəetmə Sistemləri” formatında təzədən qurulması, İnformasiya Texnologiyaları İnstitutunun ölkədə informasiya cəmiyyətinin problemlərinin həllinə fəal surətdə qoşulması ilə yeniləşmə proseslərini irəli aparmağa imkan verən böyük layihələrin həyata keçirməsinə təminat vermişdir. Akademiyada palçıq vulkanları, uzunömürlülük, ekologiya, gen mühəndisliyi, optoelektronika, alternativ və bərpa olunan enerji mənbələri, astrofizika, islam sivilizasiyası, tətbiqi dilçilik, ilkin şəhərsalma mədəniyyəti, muğam elmi, multikulturalizm, tolerantlıq, davamlı iqtisadi inkişaf prosesləri, mühacirət ədəbiyyatı kimi problemlər XXI əsrin müasir elmi ideyalarının işığında müasirlik istiqamətində tədqiq edilib öyrənilir, mühüm nəticələr əldə olunur. Azərbaycançılıq məfkurəsinin Azərbaycan elminin əsas ideya istiqamətinə çevrilməsi prosesləri dərinləşməkdə davam edir. Azərbaycanlılara qarşı soyqırımıların tədqiqi komissiyası tərəfindən XX əsr ərzində erməni təcavüzkarlarının ölkəmizdə törətdikləri faciələr sənədlər əsasında dərindən öyrənilib elmi dövriyyəyə daxil edilir, ardıcıl olaraq geniş ictimaiyyətə çatdırılır.

Milli Elmlər Akademiyası alimlərinin Abşeron neft yataqlarının yenidən istismarında, Daşkəsən filizinin yeni texnoloji üsullarla emalı proseslərində, ölkəmizin poladəritmə sənayesinin modernləşdirilməsində yaxından iştirakı elmlə iqtisadiyyatın üzvi əlaqədə inkişafını təmin edir. Bütün bunlar Milli Elmlər Akademiyasında maliyyə tutumlu tətbiqi xarakterli tədqiqatların aparılmasını, elmi mühitdə sahibkarlıq fəaliyyətinin formalaşdırılmasını şərtləndirir. 

Akademik mühitdə elm sahələri arası inteqrasiyanın genişləndirilməsi nəticəsində ictimai və humanitar elmi düşüncədə meyarların konkretləşməsi, təbiət və texniki elmlərdə isə fantaziyanın zənginləşməsi əsasında fərqli və müasir baxışlar sistemi formalaşır. Bakı Elm Festivalı çərçivəsində keçirilmiş “Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallığı” elmi konfransında (9-10 noyabr 2014-cü il) həmin istiqamətdə təqdim edilən yeni tipli tədqiqatlar ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının 2013-2015-ci illərdə Rusiya, Fransa, Türkiyə, Polşa, Britaniya, Bolqarıstan, Almaniya, Çin, Koreya, Yaponiya, İsrail və başqa ölkələrin elm və ali təhsil qurumları ilə geniş əlaqələri formalaşmışdır. Qarşılıqlı inteqrasiya proseslərinin genişlənməsi yeni elmi ideyaların meydana çıxmasına, dünya təcrübəsinin öyrənilməsinə, beynəlxalq laboratoriyaların yaradılmasına və birgə əməkdaşlığa geniş meydan açır. 

Ötən qısa müddət ərzində Milli Elmlər Akademiyasının tarixində ilk dəfə 2014-cü ildə təşkil edilən möhtəşəm Bakı Elm Festivalı və Azərbaycan alimlərinin I qurultayı müstəqil Azərbaycanda elmi nailiyyətlərin təbliği və akademiyaya yeni nəslin cəlb edilməsinin genişləndirilməsi baxımından mühüm hadisəyə çevrilmişdir. Magistratura təhsilinin təşkili də akademiyaya gəncliyin axınını təmin edəcəkdir. Milli Elmlər Akademiyasının gənc alimlərinin Prezident mükafatına, ölkə miqyasında müxtəlif nominasiyalar üzrə fərqləndirici təltiflərə layiq görülməsi, xarici ölkələrdə stajirovkanın təşkili aparılmış işlərin müsbət nəticə verdiyini göstərir. İlk dəfə 2014-cü ildə səsləndirilmiş “Akademiya marşı”ndakı aşağıdakı misralar geniş mənada Azərbaycan elminin böyük sabahlara doğru çağırışlarını bütün reallıqları ilə ifadə edir:

Nəbzində zaman vurur,

Xalqına - milli qürur!

Ölkədən qüvvət alıb,

Yeni bir dövran qurur -

Akademiya!

İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 3 may 2016-cı il

  • Paylaş: