www.science.az
02.05.2016 10:12

AMEA prezidenti, akademik Akif Əlizadə: “Elektron elm uğurla inkişaf edir”

Ölkədə informasiya cəmiyyətinin formalaşması və inkişaf tempinə müvafiq olaraq elektron Azərbaycanın tərkib hissəsi kimi elektron elmin formalaşması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilmiş, onun elektron təhsil və digər onlayn mühitlərə inteqrasiyası təmin olunmuşdur. Elektron elmin platforması olan AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu genişzolaqlı İnternet texnologiyaları əsasında yenidən qurulmuş, texnoloji bazası modernləşdirilmiş və funksional imkanları əhəmiyyətli dərəcədə artırılmışdır. Superkompüter və Big Data texnologiyalarına tələbatı olan  elmi problemlərin həlli üçün böyük imkanlara malik Data Mərkəz istismara verilmiş, AMEA-nın regional qurumlarında distant tədris mərkəzləri şəbəkəsi yaradılmışdır.

Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Azərbaycanın elm və təhsil müəssisələrinin Avropanın elm və təhsil cəmiyyətinə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu məqsədlə Avropa Komissiyasının maliyyə dəstəyi ilə milli operator olaraq AzScienceNet kompüter şəbəkəsinin yüksək sürətlə Pan-Avropa şəbəkəsinə qoşulması nəzərdə tutulmuşdur. Bununla yanaşı, Avropa  Nüvə Tədqiqatları mərkəzinin (CERN) Akademiyada milli grid infrastrukturu yaradılmışdır.

Elmin İKT təminatının qiymətləndirilməsi üçün mütəmadi monitorinqlər keçirilmiş, elmi müəssisələr müasir kompüter texnologiyaları və yüksəksürətli İnternetlə təmin edilmişdir. Elmi müəssisələrin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq üçün çoxlu sayda veb-saytlar istismara verilmiş, Akademiyanın ElmTV İnternet televiziyası fəaliyyətə başlamışdır.

Alimlərin informasiya təminatı istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, alimlərimiz nüfuzlu beynəlxalq elmi bazalarından istifadə etmək imkanı əldə etmişlər. Sevindirici hal odur ki, artıq ölkəmizdə bilik sahələri sürətlə informasiyalaşır, riyazi üsullar geniş tətbiq olunur, bioinformatika, geoinformatika, kompüter dilçiliyi, informasiya iqtisadiyyatı və s. kimi yeni-yeni multidissiplinar fənnlər meydana çıxır.

Respublikanın əksər elm və təhsil müəssisələrində elektron kitabxanalar yaradılır və inkişaf etdirilir. Akademiyanın yeni inşa edilmiş Mərkəzi Elmi Kitabxanası müasir İKT ilə təchiz olunmuş və elektronlaşdırılmışdır. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və onun strukturuna daxil olan elmi şuraların fəaliyyətinin informasiyalaşdırılması üçün elektron elmin tərkib hissəsi kimi bir sıra İKT layihələr həyata keçirilir, müxtəlif reyestrlər, analitik informasiya sistemləri yaradılır. Elmlər Akademiyasında doktoranturaya qəbul və minimum imtahanları artıq kompüter texnologiyaları əsasında test üsulu ilə həyata keçirilir. On mindən çox doktoranta informatika fənni üzrə yüksək səviyyəli biliklər tədris olunmuşdur.

Ümumiyyətlə, aparılan monitorinqlər göstərir ki, ölkəmizdə elektron elmin formalaşma prosesi və inkişaf dinamikası çoxprofilli İKT indikatorlarının qiymətlərinə görə respublika səviyyəsində layiqli yer tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.