Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.04.2016 11:42
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Fransanın nüfuzlu “Akademik Palmalar” ordeni ilə təltif olunub

Azərbaycanlı alim Fransanın nüfuzlu “Akademik Palmalar” ordeni ilə təltif olunub

AMEA Fəlsəfə və Hüquq İnstitutunun İctimai elmlər üzrə informasiya və texniki proqramlaşdırma  şöbəsinin müdiri  Zöhrə Əliyeva mədəni və elmi əlaqələrin inkişafındakı xidmətlərinə görə Fransa Respublikasının nüfuzlu “Akademik Palmalar (Kavaler dərəcəsi)” ordeni ilə təltif olunub. Mərasim cari ilin aprel ayında Fransanın Azərbaycandakı səfirliyində baş tutub.

Tədbirdə AR Təhsil nazirinin müavini Firudin Qurbanov, İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın  müxbir üzvü Nərgiz Axundova da iştirak edib.

Qeyd edək ki, “Akademik Palmalar” ordeninin 200-dən çox yaşı vardır. Bu mükafat 1808-ci ildə imperator I Napoleon Bonapartın göstərişi ilə Paris universitetləri və bəzi liseylərin akademik və professorları üçün təsis edilib. Hazırda “Akademik Palmalar” ordeni ilə həm müəllimlər və təhsil ictimaiyyətinin üzvləri, həm də tədris işinə aidiyyati olmayan, lakin təhsilə sanballı töhfələr vermiş şəxslər, habelə Fransanın hüdudlarından kənarda yaşayan, Fransa mədəniyyətinin digər ölkələrdə təbliğində yüksək fəallıq nümayiş etdirən dövlətlərin vətəndaşları da təltif oluna bilər.

Mükafatı Z.Əliyevaya Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez təqdim edib. Azərbaycanda fransız dilinin inkişafı və təbliğində göstərdiyi səyləri yüksək dəyərləndirən səfir Zöhrə Əliyevanın iki ölkə arasında mədəni və elmi əlaqələrin inkişafına verdiyi töfhələrdən danışıb. O, keçmiş fransız dili müəlliməsi Z.Əliyevanın 20 ilə yaxın bir zaman ərzində bu sahədə böyük xidmətlərinin olduğunu söyləyib.  

Z.Əliyeva 1999-2002-ci illərdə Avropa TEMPUS proqramı çərçivəsində Avropa Dillər Mərkəzinin rəhbəri olub və proqram üzrə ödənişsiz olaraq dövlət xadimləri, professor və müəllimlərə fransız dilini tədris edib. Bu təşəbbüslə ölkələrarası münasibətlərin daha da möhkəmlənməsində fəal iştirak edib. 2008-ci ildə Fransa səfirliyinin təklifi ilə Arl şəhərinə Beynəlxaq Tərcümə Mərkəzinə ezam olunub. Məqsəd maarifçilik dövrü mütəfəkkirlərinin Azərbaycan elm aləminə və oxucusuna məlum olmayan əsərlərinin əldə edilməsi idi. Fransız mədəniyyətinə gəldikdə isə, Bakıda Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərini, o cümlədən fransız folklor nümunələri əsasında tamaşalar hazırlayıb. Universitetlərarası əlaqələrin yaradılmasındakı xidmətlərinə görə 2013-cü ildə Fransanın Sorbonna Universitetinin nəzdində olan Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) və Sofia Antipolis Universitetinin (2015) fəxri professoru seçilib.

Tədbirdə Zöhrə xanım uzun illərdir ki, Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töfhələri yüksək dəyərləndirən Fransa Respublikasına və bu dövlətin Azərbaycandakı səfiri xanım Orelia Buşezə minnətdarlığını bildirib. “Mükafatın təqdimi əslində əsrlərdir ki, mədəni əlaqələrini inkişaf etdirən iki xalq arasındakı dostluq münasibətlərinin növbəti təzahürüdür”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: