Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İnformasiya Texnologiyaları İnstitutu antiplagiat sahəsində beynəlxalq əməkdaşlıq edir
14.04.2016 16:43
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutu antiplagiat sahəsində beynəlxalq əməkdaşlıq edir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda antiplagiat sahəsində aparılan elmi-tədqiqatlar bu sahədə fəaliyyət göstərən elmi təşkilatlarla yanaşı, biznes qurumlarının da diqqətini cəlb edir.

Antiplagiat sahəsində tanınmış “Turnitin” şirkətinin nümayəndəsi Katya Levçenko ilə institutun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev arasında keçirilən görüşdə antiplagiatla bağlı müzakirə aparılmışdır.

Akademik Rasim Əliquliyev biliklər cəmiyyəti quruculuğu şəraitində qarşıda duran məsələlərə ilkin olaraq elmi müstəvidə baxılmasının əhəmiyyətini qeyd etdi. İntellektual mülkiyyətin və müəllif hüquqlarının qorunması, biliklə yanaşı bilik istehsal edən bütün subyektlərin qiymətləndirilməsi, dövlətlərin və beynəlxalq qurumların bu sahədə qəbul etdiyi siyasətin perspektivləri, yaradıcılıq fəaliyyətinin kompleks şəkildə qiymətləndirilməsi, qorunması və biliklər cəmiyyətinin formalaşmasında elmi etikanın əhəmiyyəti haqqında geniş məlumat verdi. Azərbaycanda intellektual mülkiyyətin qorunması, o cümlədən plagiatla mübarizə sahəsində görülən işlər, institutda aparılan elmi-tədqiqatlar və əldə olunan nəticələr haqqında müzakirə aparıldı.

Alim qeyd etdi ki, plagiatla mübarizədə ən maraqlı qurumlardan biri ölkədə elmi fəaliyyəti koordinasiya edən Azərbaycan Milli Elmlər Akademiyasıdır. AMEA alimlərin, elmi-tədqiqat institutlarının və ümumilikdə ölkənin intellektual mülkiyyətinin qorunmasında elmi dəstək göstərir və müntəzəm maarifləndirmə işi aparır. AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi-tədqiqatlar haqqında daha ətraflı məlumat verən alim bildirdi ki, institut plagiatla mübarizəyə kompleks yanaşmanın zəruriyyətini nəzərə almışdır. İnformasiya texnologiyalarının tətbiqi ilə plagiat daha da dərinləşdiyi üçün onunla mübarizə metodları da müvafiq səviyyədə olmalıdır. İnternet üzərindən əksər elmi ədəbiyyatın əlçatan olması, qlobal elmi bazaların və kitabxanaların təqdim etdiyi xidmətlər elmi yaradıcılığa təkan verməklə yanaşı plagiat üçün də münbit zəmin yaradır.

İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev bildirdi ki, plagiatla mübarizə üsullarının araşdırılması üçün elmi nəşrlərin sayının sürətli artımı, dil və kontekst müxtəlifliyi, maşın tərcüməsinin məhdudiyyətləri, elmi bazalara çıxışın maliyyə yükü kimi faktorlar nəzərə alınmalıdır. Buna görə də institutda maşın təlimi, verilənlərin intellektual analizi, maşın tərcüməsi, statistika, sosial şəbəkə analizi, elmmetriya, bibliometriya kimi elmi istiqamətlərin kəsişməsində tədqiqatlar aparılır. Alim qeyd etdi ki, yeni nəşr olunan “Plagiatla mübarizə texnologiyaları” adlı kitab institutda əldə olunan elmi nəticələri əhatə edir.

Katya Levçenko institutun qeyd olunan sahələrdə elmi fəaliyyətini yüksək qiymətləndirdi və təmsil etdiyi qurumun plagiatla mübarizədə elmi dəstəyə əhəmiyyət verdiyini bildirdi. Qonaq “Turnitin” şirkətinin plagiatla mübarizə üçün nəzərdə tutulmuş proqram məhsullarının hazırlanmasında tətbiq edilən əsas prinsipləri və kompleks yanaşma üsullarını şərh etdi. Bu aspektdən institutun əldə etdiyi elmi yenilikərin praktiki əhəmiyyətini vurğulayaraq, bu sahədə tərəflər arasında uzunmüddətli əməkdaşlıq təklifi ilə çıxış etdi.

Katya Levçenko qeyd etdi ki baş ofisi Amerikada, beynəlxalq ofisi isə İngiltərədə yerləşən şirkətin əsas məhsulları “Turnitin” və “iThenticate” proqramlarıdır. “iThenticate” plagiatın aşkarlanması və qarşısının alınması sahəsində dünyada elmi qurumlar və nəşriyyatlar tərəfindən istifadə edilən ən qabaqcıl proqram təminatı hesab olunur. Bu proqramla müəlliflər, tədqiqatçılar və redaktorlar çapa təklif olunan elmi əsəri 56 milyard veb-səhifəni və 142 milyon əsəri analiz edərək, müqayisə aparmaq imkanı əldə edir.

Əsasən təhsil müəssisələrinin istifadəsi üçün nəzərdə tutulan “Turnitin” isə şagirdlərin və tələbələrin əvvəlcədən öz tapşırıqlarını mümkün plagiat elementlərinə qarşı yoxlamasına, həmçinin müəllimlərin təqdim olunan işlərdə plagiat yoxlaması aparmasına imkan verir. “Turnitin” müəllimlər üçün, şagird və tələbələrin yazılı ifadəni öyrənmə prosesini izləmə, əks əlaqə yaratma və inkişafını qiymətləndirmə kimi xidmətlər təqdim edir. “Turnitin” 140 ölkədən 15000 müəssisədə 26 milyondan çox tələbə tərəfindən istifadə edilir.

Aparılan müzakirə nəticəsində qarşılıqlı əməkdaşlığın yol xəritəsinin hazırlanmasına və yaxın gələcəkdə institutda antiplagiatla bağlı birgə elmi-praktiki seminarın keçirilməsinə qərar verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: