Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.04.2016 09:28
  • A-
  • A
  • A+

Regionlarda nümunəvi təsərrüfat layihələri həyata keçirilir

Regionlarda nümunəvi təsərrüfat layihələri həyata keçirilir

AMEA-nın qarşısında duran əsas vəzifələrdən biri də kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqətin yetirilməsidir. Qeyri-neft sektorunun inkişafı və ərzaq təhlükəsizliyinin təmini “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da böyük əhəmiyyət daşıyan məsələlərdən biri kimi əksini tapıb.

Bu məqsədlə AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin Elm və Texnologiya Parkının Aqrar sektoru tərəfindən regionlarda nümunəvi təsərrüfat layihələri həyata keçirilir. Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının etibarlı təminatı məqsədilə AMEA-nın aidiyyəti elmi müəssisələri ilə məsləhətləşmələr aparılıb. Elm və Texnologiya Parkının Aqrar sektoru tərəfindən dayaq məntəqələrinin torpaq sahələrində buğda, üzüm, nar, pambıq, soya və digər bitkilərin əkini həyata keçirilib.

Ötən həftə AMEA Rəyasət Heyəti aparatından, Aqrar, Biologiya və Tibb elmləri bölmələrinin müvafiq institutlarından bir qrup alim və mütəxəssis Akademiyanın aran rayonlarındakı dayaq məntəqələrində olub. AMEA-nın Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar institutlarının Kürdəmir, Ağsu, Ucar, Ağdaş rayonları ərazisindəki dayaq məntəqələrində yerinə yetirilən elmi tədqiqat və təşkilati işlərlə tanış olan alimlər təcrübə sahələrinə və təsərrüfat əkinlərinə baxış keçiriblər.

Dayaq məntəqələrinin aqronomları ilə görüşlər zamanı yüksək keyfiyyətli məhsul almaq üçün becərilmə texnologiyalarının və suvarma qaydalarının öyrənilməsi, eləcə də becərilən növlərin yerli şəraitə uyğunlaşdırılması və geniş tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Torpaqların səmərəli becərilməsi istiqamətində onlara lazımi tövsiyələr verilib. Ərazilərdə tingçilik, şitilçilik, bağçılıq sahələrində tədqiqatların genişləndirilməsi, həmçinin rəqabətqabiliyyətli məhsulların becərilməsi hədəf kimi müəyyənləşdirilib.

AMEA-nın əməkdaşları, həmçinin dayaq məntəqələrinin inzibati binalarının maddi-texniki təchizatı və təsərrüfatlarda tətbiq etmək üçün alınmış müasir texnika və avadanlığın saxlanılması vəziyyəti ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: