www.science.az
07.04.2016 09:15

“Molla Nəsrəddin”ədəbi məktəbi və mollanəsrəddinçilik

Məlum olduğu kimi, böyük demokrat yazıçı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) redaktorluğu ilə iyirmi beş il ərzində fəaliyyətini Tiflisdə, Təbrizdə və Bakıda davam etdirən məşhur “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda milli satirik mətbuatın və tənqidi-realist ədəbiyyatın əsası qoyulmuşdur. Geniş mənada türk-müsəlman dünyasının birinci satira jurnalı kimi “Molla Nəsrəddin” Şərq ölkələrində satirik mətbuatın və ədəbiyyatın, demokratik ictimai fikrin inkişafına ciddi təkan vermişdir. Şərq aləminə satira günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğmuşdur. Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” jurnalı ilə başlamışdır.

“Molla Nəsrəddin” jurnalı Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir. Bu mübariz jurnal istiqlal hərəkatına mütəşəkkil, nizamlı bir ordudan çox xidmət göstərmişdir. “Molla Nəsrəddin” jurnalı milli dirçəliş ideyalarından və mübarizlik ruhundan yoğrulmuş mənalı istiqlal kitabıdır. “Molla Nəsrəddin” jurnalı milli dövlətçilik uğrundakı istiqlal davasının əsas hərəkətverici qüvvələrindən biri və həmin mübariz yürüşün lokomotividir. Azərbaycana, türk-müsəlman dünyasına və Qafqaza istiqlal məfkurəsinin, demokratiya ab-havasının ən zəruri və şərəfli yükünü “Molla Nəsrəddin” qatarı çəkib gətirmişdir. 

Türk-müsəlman dünyasında da demokratik mətbuatın bayraqdarı “Molla Nəsrəddin”dir. Vətən, millət, ana dili idealı, söz azadlığı, çoxpartiyalı sistem, cümhuriyyət anlayışı ilə bağlı böyük və ümummilli ideyaları mətbuata və ədəbiyyata da bu jurnal gətirmişdir. “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda yox, Şərqdə demokratik mətbuatın babasıdır. 

Azərbaycan ədəbiyyatının və mətbuatının tarixində “Molla Nəsrəddin” jurnalı xüsusi ədəbi məktəb yaratmış ilk mətbuat orqanıdır. Digər ədəbi məktəblərdən fərqli olaraq, “Molla Nəsrəddin” ədəbi məktəbi əksər yaradıcılıq istiqamətlərini və janrları, ictimai fikri, hətta rəssamlıq sənətini də özündə cəmləşdirir. Özündən əvvəl və sonra yaranmış heç bir ədəbi məktəb “Molla Nəsrəddin” ədəbi məktəbi qədər çox yazıçını, şairi və rəssamı öz ətrafında birləşdirə bilməmişdir. Cəlil Məmmədquluzadənin ardıcıl və böyük səyi sayəsində XX əsrin əvvəllərində Azərbaycan yaradıcı ziyalılarının “Molla Nəsrəddin” ordusu formalaşmışdır. Bu mübariz, demokratik və milli ziyalı ordusunun baş komandanı görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadə idi. Böyük mollanəsrəddinçi yazıçı Əbdürrəhim bəy Haqverdiyevin vaxtilə etiraf etdiyi kimi, bu ədəbi cəbhədə təb və istedad yaradıcı qüvvələrin özlərinə məxsus olsa da, “mövzu verən və yol göstərən” Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı idi. Geniş mənada “Molla Nəsrəddin” jurnalı tənqidi-realist ədəbiyyatın möhkəm ədəbi cəbhəsi, mollanəsrəddinçi ədiblərin əsərlərinin çoxcildlik külliyyatıdır.

Bu jurnala qədər Azərbaycanda və Şərqdə yalnız görkəmli sənətkarların adı ilə bağlı olan ədəbi məktəblər mövcud idi. Nizami ədəbi məktəbi, Füzuli, Nəvai, Mirzə Fətəli Axundzadə ədəbi məktəbləri... Amma “Molla Nəsrəddin”in timsalında ilk dəfə idi ki, konkret bir mətbuat orqanı əsasında müstəqil ədəbi məktəb formalaşmışdı. Bu, təkcə Azərbaycanda deyil, ümumən türk-müsəlman dünyasında ayrıca bir mətbuat orqanının adı ilə əlaqədar olan birinci ədəbi məktəb idi. “Molla Nəsrəddin” jurnalı “Füyuzat” ədəbi məktəbinin də meydana çıxmasında ədəbiyyat və mətbuat dünyasındakı rəqabət zəminində formalaşmışdı. Heç şübhəsiz, “Molla Nəsrəddin”in ədəbi məktəb mərtəbəsinə çatdırılması bu jurnalın yaradıcısı Cəlil Məmmədquluzadənin təşkilatçılıq bacarığının və xüsusi ədəbi məharətinin nəticəsində mümkün olmuşdu. Əslində, Cəlil Məmmədquluzadə Azərbaycandakı Şərq yönlü milli inkişaf meyilləri ilə Qərb maarifçiliyini sintez halında çulğaşdırmaqla yeni tipli ədəbiyyat və mətbuat yaratmağa müvəffəq olmuşdu ki, bu da tez bir zamanda öz ətrafına çoxlu sayda tərəfdarlar və pərəstişkarlar toplaya bilmişdi. 

Əvvəla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının proqramını müəyyən etməsi mollanəsrəddinçi ədəbiyyatın və milli mətbuatın konsepsiyasının işlənib hazırlanması demək idi. “Molla Nəsrəddin” jurnalının birinci sayında gedən materiallar yeni ədəbi məktəbin əsas prinsiplərini özündə cəmləşdirən proqram xarakterə malik olan sənət örnəkləridir. Bu sayda baş məqalə kimi təqdim olunan “Sizi deyib gəlmişəm” məqaləsi “Molla Nəsrəddin” jurnalının və eyni adlı ədəbi məktəbin manifestidir. “Molla Nəsrəddin” ədəbi məktəbi üçün səciyyəvi olan müsəlman qardaşlara üz tutmağın bəyan olunması, kiçik adamın mətbuata və ədəbiyyata gətirilməsinin zəruriliyinin əsaslandırılması, tənqid hədəflərinin konkret müəyyən edilməsi, ümummilli mövqeyin meydana qoyulması, açıq ana dilində yazmağın vacibliyinin önə çəkilməsi “Sizi deyib gəlmişəm” məqaləsində öz əksini tapmışdır. Cəlil Məmmədquluzadənin “həqiqi Molla Nəsrəddin” şairini axtarmaq üçün çap etdirdiyi “Lisan bəlası” şeiri sanki “Molla Nəsrəddin” şeir məktəbi üçün müsabiqə xarakterli elannamə idi. Vaxtilə Cəlil Məmmədquluzadənin yazdığı kimi, “Lisan bəlası” şeiri “bir nümunə idi ki, bunu birinci nömrədə çap etməklə biz həqiqi “Molla Nəsrəddin” şairini axtarırdıq. Biz Sabiri və Məşədi Sicimqulunu axtarırdıq. Bir tərəfdən, birinci nömrəmizi şeir babətindən yarımçıq buraxmaq istəmirdik. Və digər tərəfdən də Sabirin və Məşədi Sicimqulunun dünyada varlığından xəbərdar deyildik”.

Jurnalın birinci nömrəsinin üz qabığında Cəlil Məmmədquluzadənin sifarişi əsasında alman rəssamı Oskar Şmerlinqin çəkdiyi “Müsəlman dünyasının oyanışı” adlı nadir karikatura mollanəsrəddinçi karikaturaçılıq sənətinin mükəmməl proqramı idi. İlk saydan etibarən yol göstərmək, istiqamət vermək, təsvir etmək üçün düşünülüb tapılmış, kəşf edilmiş “Molla Nəsrəddin”in teleqramları”, “atalar sözü”, “poçt qutusu”, “bilməli xəbərlər” kimi yeni janrlar sonralar uzun illər boyu mollanəsrəddinçi publisistikanın əsas, aparıcı janrlarına çevrilmişdir. Nəhayət, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”in ilk sayında çap etdirdiyi “Dəllək” adlı kiçik hekayəsi bir daha yeni nəsr modelinə örnək kimi diqqətə çatdırılmışdı. Bundan başqa, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi “Poçt qutusu” yazıları ilə ədəbi qüvvələri yönləndirmiş və formalaşdırmışdır. “Poçt qutusu” yazılarında böyük ədib gələcək mollanəsrəddinçilərin, yeni ədəbi nəslin müəllimi səviyyəsində çıxış edir. “Poçt qutusu” bölməsindəki təlimat xarakterli tapşırıqlar və tövsiyələr “Molla Nəsrəddin” ədəbi məktəbinin ədəbi dərsləridir. Müşahidə olunan cəhətlərdən biri də bundan ibarətdir ki, Cəlil Məmmədquluzadə mollanəsrəddinçi ədəbiyyatın formalaşdırılması prosesində hətta tanınmış, təcrübəli yazıçılara, “Molla Nəsrəddin”in dostlarına və köməkçilərinə də güzəştə getməmiş, həmişə tələbkar münasibət bəsləmişdir. Jurnalın “Poçt qutusu” mətnlərində adları çəkilənlər XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tanınmış yaradıcıları Əbunəsir Şeybani - Mirzə Ələkbər Sabir, Dabanıçatdaq xala - Əli Razi Şamçızadə, Yetim cücə - Əli Məhzun, Şairimiz - Əli Nəzmi, Cüvəllağı - Əliqulu Qəmküsar, Millət dostları - Əbdürrəhim bəy Haqverdiyev, Palanduz - Salman Mümtaz, Yeni dastançı - Məhəmmədəli Sabit idi.

Nəhayət, etiraf etmək lazımdır ki, Cəlil Məmmədquluzadənin bənzərsiz bədii əsərləri də həm “Molla Nəsrəddin” dövrü Azərbaycan ədəbiyyatı, həm də ümumən ədəbiyyatımız üçün örnək sayılmağa tam layiq olan dəyərli ədəbi nümunələrdir. Ədəbiyyatımıza və mətbuatımıza kiçik hekayəni və kiçik adamı, tragikomediyanı və satirik publisistikanı, felyeton janrını, “açıq ana dili” üslubunu və azərbaycançılıq məfkurəsini, cümhuriyyət anlayışını gətirmiş Mirzə Cəlil Məmmədquluzadə ədəbi-ictimai fikrimizin Molla Nəsrəddin dövrünün yaradıcısıdır. Haqlı olaraq müasirləri onu daha geniş mənada “ədəbi dövrün başçısı” (Yusif Vəzir Çəmənzəminli) kimi də dəyərləndirmişlər. Başçılıq etdiyi jurnalın ətrafına toplayıb vahid ədəbi cəbhədə birləşdirdiyi, eyni məfkurəyə və üsluba yönləndirdiyi yazıçı və şairlər, publisistlər və karikaturaçılarla Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbini formalaşdırmağa müvəffəq olmuşdur. Mollanəsrəddinçi sənətkarlardan hər biri bu ədəbi məktəbin daha da zənginləşməsinə və yetkinləşməsinə özünün layiqli əlavələrini etmiş, xidmət göstərmişlər. Nəticədə Azərbaycan ictimai-bədii fikrinin çoxəsrlik tarixində konkret bir mətbuat orqanı əsasında yeni tipli mollanəsrəddinçi ədəbi məfkurə parlaq bir yaradıcılıq məktəbi kimi mühitin fövqünə yüksələ bilmişdir. 

“Molla Nəsrəddin” ədəbi məktəbi çox geniş anlayış olub, özündə bir neçə yaradıcılıq istiqamətini, çoxsaylı yaradıcı qüvvələri birləşdirən ədəbi məktəbdir. Bir çox yaradıcılıq sahələri “Molla Nəsrəddin” ədəbi məktəbi içərisində, onun hüdudları daxilində xüsusilə inkişaf edərək daha qabarıq şəkildə nəzərə çarpmışdır. Beləliklə, vahid ədəbi məktəb daxilində bir neçə məktəb, necə deyərlər, məktəb içində məktəblər yaranmışdır. “Molla Nəsrəddin” şeir məktəbi, mollanəsrəddinçi yeni nəsr, satirik publisistika və karikatura məktəbləri “Molla Nəsrəddin” ədəbi məktəbinin üzvi tərkib hissələridirlər. Doğrudur, bu məktəblərdən hər biri, xüsusən mollanəsrəddinçi satirik şeir məktəbi həm də müstəqil ədəbi məktəb təsiri bağışlayır. Hətta “Molla Nəsrəddin” şeir məktəbinin zəminində formalaşmış və xüsusi bir Sabir satira məktəbi də nəzərə çarpmaqdadır. Yaxud “Molla Nəsrəddin” karikatura məktəbi ənənələri əsasında ayrıca Əzim Əzimzadə karikaturaçılıq məktəbinin yaranması da inkarolunmaz faktdır. Bütün bunlar nəinki “Molla Nəsrəddin” ədəbi məktəbinin əhəmiyyətini azaltmır, əksinə, bu möhtəşəm, nəhəng məktəbin geniş sənət imkanlarını nümayiş etdirir. 

Qeyd etmək lazımdır ki, “Molla Nəsrəddin” ədəbi məktəbinin bütün qolları özünün təmsilçiləri, yetirmələri, davamçıları baxımından “məhsuldar” görünür. Bununla belə, “Molla Nəsrəddin” şeir məktəbi daha üstün nailiyyətləri ilə nəzərə çarpır. Azərbaycan ədəbiyyatında Mirzə Ələkbər Sabir kimi nəhəng satirik şairin meydana çıxması sözün geniş mənasında, türk-müsəlman dünyası satirasının da ən yüksək ədəbi nəticəsi sayılmalıdır. Dünya ədəbiyyatında satirik şeirin yüksək sənətkarlığına və vüsətinə görə M.Ə.Sabirlə yanaşı dura biləcək şairlər çox deyil. Həqiqətən də müasiri Abbas Səhhətin yazdığı kimi, “Sabir əfəndi... köhnə şeirlərlə yeni şeirlər arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb də o uçurumu atlanmağa kimsədə cürət və cəsarət qalmadı”.

“Molla Nəsrəddin” şeir məktəbi ədəbiyyatımızda Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, Bayraməli Abbaszadə, Əli Razi Şamçızadə, Əliabbas Müznib, Əli Məhzun, Məhəmmədəli Sabit, Mirzə Cabbar Əsgərzadə və başqalarını yetirib ərsəyə gətirmişdir. Otuzdan artıq satirik şeiri olan Cəlil Məmmədquluzadə də ədəbi məktəbin şeir qoluna öz töhfələrini vermişdir. 

Bu ədəbi məktəbin nəsr qolunun təmsilçiləri kəmiyyət etibarilə çox deyildir. Bununla belə, təkcə Cəlil Məmmədquluzadənin nəsr əsərləri kəmiyyət etibarilə “Molla Nəsrəddin”in nəsr qolunun müstəqil ədəbi istiqamət səviyyəsinə yüksəlməsi üçün yetərli örnək idi. Nəinki “Molla Nəsrəddin” ədəbi məktəbinin nəsr qoluna, bütövlükdə Azərbaycan ədəbiyyatında tənqidi-realist və satirik nəsr yaradıcılığına Cəlil Məmmədquluzadə ədəbi məktəbi də demək mümkündür. Konkret olaraq realist-satirik nəsr sahəsində, Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadədən uca zirvə yoxdur. Özündən sonrakı ədəbiyyata təsir etmək baxımından Cəlil Məmmədquluzadəni yalnız Mirzə Fətəli Axundzadə ilə müqayisə etmək mümkündür. Mollanəsrəddinçi bədii nəsrimizi Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Eynəli bəy Sultanov kimi görkəmli sənətkarlar da uğurla inkişaf etdirmişlər.

Mollanəsrəddinçi satirik publisistika Azərbaycan ədəbi-ictimai fikrində müstəqil bir istiqamət kimi möhkəm yer tutmağa, ədəbiyyat və mətbuat tarixində yol açmağa layiq olan zəngin kamil sənət nümunəsidir. Mollanəsrəddinçi publisistika milli mətbuatımızın tarixində yeni hadisədir. Cəlil Məmmədquluzadənin publisistikası bədii nəsri, yaxud dramaturgiyası qədər qiymətli və əhəmiyyətlidir, hətta daha aktual və müasirdir. Ömər Faiq Nemanzadə mollanəsrəddinçi publisistikanı dəyərli, kamil sənət örnəkləri olan nümunələrlə zənginləşdirmişdir. Məmməd Səid Ordubadinin, Əli Nəzminin, Əliqulu Qəm-küsarın şairliklə yanaşı, satirik publisistika sahəsində də mühüm nailiyyətləri var. Məhəmmədəli Sidqi, Qurbanəli Şərifov, Rzaqulu Nəcəfov, Əbülfəttah Ələvi, İskəndərxan Qəffari Sərxpuş, Süleyman Məlikov, Məhəmmədəli Nasir, Nəsrulla Qənbərov və başqalarının da mollanəsrəddinçi publisistikanın inkişafında özlərinəməxsus xidmətləri qeyd olunmalıdır. 

Karikaturanı mətbuata gətirmək Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının məxsusi xidməti sayılmağa layiqdir. Xüsusi aktuallığa, mühüm əyanilik imkanlarına malik olan karikaturalar mollanəsrəddinçi şeiri, bədii nəsri və publisistikanı tamamlamış və daha da qüvvətləndirmişdir. “Molla Nəsrəddin” jurnalının oxucularının və abunəçilərinin coğrafiyasının genişlənməsində karikaturaların müstəsna rolu var idi. Mübariz jurnalın cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrə, demokratik proseslərə təsir etməsi baxımından da karikaturalar ciddi əhəmiyyətə malik olmuşdur. Mollanəsrəddinçi karikaturanın inkişafına Mirzə Cəlil Məmmədquluzadə xüsusi əhəmiyyət vermiş, geniş meydan açmış, böyük qayğı göstərmişdir. Müxtəlif illərdə “Molla Nəsrəddin”lə əməkdaşlıq etmiş Əzim Əzimzadə, İsmayıl Axundov, Qəzənfər Xalıqov, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Əliyev, Hüseynqulu Zeynalov, Əmir Hacıyev (Azərbaycan), Konstantin Dorş, Qrinyevski (Rusiya), Oskar Şmerlinq, İozef Rotter (Almaniya), Beno (Ukrayna), Seyidəli Behzad (Təbriz), Xəlil Musayev (Dağıstan), Giladze (Gürcüstan) və başqaları kimi karikatura ustaları “Molla Nəsrəddin” jurnalı vasitəsilə yetişib parlamış, ad-san qazanmışlar.

Göründüyü kimi, “Molla Nəsrəddin” ədəbi məktəbi bir neçə istiqamətdə inkişaf etmiş, ədəbiyyatımıza, milli mədəniyyətimizə, mətbuatımıza və ictimai fikrimizə böyük sənət uğurları qazandırmışdır.

“Molla Nəsrəddin” jurnalı və eyni adlı ədəbi məktəb mollanəsrəddinçilik deyilən məxsusi bir təlimi meydana çıxarmışdır. Bu ədəbi məktəbin ideya əsasını mollanəsrəddinçilik təlimi təşkil edir. Mollanəsrəddinçilik təlimi ilk növbədə, “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin nizamnaməsi, əsasnaməsidir, “ictimai-ədəbi fikir cərəyanı deməkdir” (Ə.Mirəhmədov).

Milli müstəqillik və azadlıq uğrunda mübarizə, azərbaycançılıq məfkurəsinin formalaşdırılması mollanəsrəddinçilik təliminin əsasında dayanır. Kiçik adamın timsalında xalq anlayışını ədəbiyyata və mətbuata gətirmək və müdafiə etmək mollanəsrəddinçiliyin təməl şərtlərindəndir. “Açıq ana dilində” yazmaq, “açıq yazmağı da bacarmaq” mollanəsrəddinçilik təliminin əsas üslubi istiqamətini müəyyən edir. Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə cəmiyyəti dəyişmək, yeniləşdirmək, xalqı irəli aparmaq, milli-mənəvi özünüdərk proseslərini dərinləşdirmək deməkdir.

Satiranın bütün gücü və imkanları mollanəsrəddinçilik təlimində öz əksini tapır. “Molla Nəsrəddin” jurnalının dili, üslubu, janrları, tipajları, karikaturaçılıq mollanəsrəddinçi poetikanın əsasını təşkil edir. Mollanəsrəddinçiliyi satirik publisistikanın siyasi kəsəri, yüksək vətəndaşlıq ruhu, forma müxtəlifliyi, zəngin sənətkarlıq imkanları kimi də başa düşmək olar. Mollanəsrəddinçilik - ədəbiyyatda və ictimai fikirdə demokratik proseslərin genişləndirilməsi və müdafiə olunması deməkdir.

“Molla Nəsrəddin” jurnalının çoxillik fəaliyyəti artıq tarixin faktına çevrilmişdir. Mollanəsrəddinçilik ideyaları və təlimi isə davam edir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti və məmləkəti var, nə qədər ki, milli ədəbiyyatımız və mətbuatımız fəaliyyət göstərir, “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri, mollanəsrəddinçilik təlimi yaşamaqda davam edəcək, inkişafa, tərəqqiyə özünün böyük və təmənnasız köməyini göstərəcəkdir.

Cəlil Məmmədquluzadənin ölməz və parlaq sənəti “Molla Nəsrəddin” jurnalının həmişəyaşar ənənələri, mübariz mollanəsrəddinçilik təlimi müstəqil Azərbaycanın tərəqqisinə etibarlı şəkildə dəstək verir, sabaha gedən yollarına işıq salır.

Müasir Azərbaycan ədəbiyyatında tənqidi-realist meyillər, satira, vətəndaşlıq cəsarəti, dərin milli düşüncə, azərbaycançılıq məfkurəsi yaşadıqca “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri də, mollanəsrəddinçilik təlimi də yaşayacaqdır. Azərbaycan ədəbiyyatının, mətbuatının, ictimai fikrinin və karikatura sənətinin son yüz ildəki bütün əsas inkişaf istiqamətlərinin hamısında Mirzə Cəlil Məmmədquluzadənin zəngin irsindən və “Molla Nəsrəddin” ənənələrindən “bir duz” var. 

Azərbaycan dövləti Cəlil Məmmədquluzadənin, mollanəsrəddinçi şair və yazıçıların, “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə yüksək qiymət vermişdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin və jurnalın dövlət səviyyəsində yubileyləri keçirilmişdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcılarının çap edilmiş əsərlərindən böyük bir kitabxana yaratmaq mümkündür. “Molla Nəsrəddin” jurnalına və mollanəsrəddinçilərə həsr edilmiş elmi əsərlər əsasında Azərbaycan humanitar və ictimai elmləri sahəsində mollanəsrəddinşünaslıq elmi formalaşmışdır. “Molla Nəsrəddin” jurnalının bütün sayları latın əlifbası ilə çap olunub kitabxanalara çatdırılmışdır. Görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin aşağıdakı kəlamları bütövlükdə mollanəsrəddinçilik təliminə verilmiş yüksək qiymətdir: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Molla Nəsrəddin” jurnalının 100, Cəlil Məmmədquluzadənin 130 və 140 illik yubileyləri geniş miqyasda ədəbiyyatın və mətbuatın bayramı səviyyəsində qeyd edilmişdir. Bu, müstəqil Azərbaycan dövlətində klassik ədəbi irsə müasir səviyyədə verilən ən yüksək qiymətin əməli ifadəsidir.

Mollanəsrəddinçilik - daimi inkişafda olan və ümummilli ideallara xidmət edən əbədiyaşar ədəbiyyat təlimidir.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

"Azərbaycan" qəzeti, 7 aprel 2016-cı il