Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.03.2016 17:07
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin iclasında palçıq vulkanlarının tədqiqinə dair məruzə dinlənildi

Yer Elmləri Bölməsinin iclasında palçıq vulkanlarının tədqiqinə dair məruzə dinlənildi

Martın 11-də AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirildi.

İclası giriş sözü ilə açan YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

Sonra Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri,  professor Adil Əliyevin “Palçıq vulkanı brekçiyasının ehtimal olunan aksessor minerallaşmasının tədqiqi” mözusunda məruzəsi dinlənildi. Ölkəmizdə və dünyada palçıq vulkanlarının öyrənilməsi istiqamətində mühüm tədqiqatların aparıldığını söyləyən A.Əliyev qlobal miqyasda onların əmələgəlməsi, coğrafi yayılması, neft-qazlılıq və seysmikliklə əlaqəsi kimi məsələlərlə bağlı yeni elmi nəticələrin əldə olunduğunu bildirdi. Qeyd etdi ki, rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə Ukrayna Milli Elmlər Akademiyasının alimlərinin birgə apardıqları tədqiqatlar hər iki ölkənin palçıq vulkanizmi probleminin müqayisəli təhlilinə, xüsusilə vulkan tullantılarının mineralogiyasına yönəldilib. Vulkan brekçiyasında aksessor minerallaşmanın öyrənilməsi nəticəsində Qara dəniz və Kerç yarımadasının palçıq vulkanlarında təbii əmələ gələn qızıl, gümüş, qurğuşun, mis və digər elementlərin aşkar edilməsi Azərbaycanda da analoji yeni istiqamətdə geniş tədqiqatların aparılmasını zəruri edir.

Məruzə ətrafında AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və başqaları suallarla çıxış etdilər.

Daha sonra bölmə alimlərinin kitablarının nəşri ilə bağlı müzakirələr aparıldı.  “Palçıq vulkanları” dərsliyinin, “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı” çərçivəsində hazırlanmış 3 monoqrafiyanın, “Azərbaycanın alt paleogen çöküntülərində biotların stratiqrafik və paleocoğrafi paylanma qanunauyğunluqları” və “Azərbaycanın mezo-kaynozoy yaşlı perlitləri” adlı monoqrafiyalarının, “Radon və insan sağlamlığı” adlı elmi-populyar kitabın çapa verilməsi tövsiyyə olundu.

İclasda AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi məsələsinə də baxıldı. Akademik Pərviz Məmmədovun namizədliyinin "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alındı.

Tədbirdə Qərb zonasının termal sularının xarakteristikalarının və mümkün tətbiq sahələrinin öyrənilməsi istiqamətində AMEA-nın Gəncə Bölməsi ilə əməkdaşlıq məsələsi də müzakirə olundu. Geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov bildirdi ki, Qərb zonasında mövcud olan geotermal mənbələrdən gələcəkdə sənayedə, kənd təsərrüfatında, məişət və kommunal sahələrdə, eləcə də təbabətdə geniş istifadə olunması üçün onların fiziki xarakteristikalarını və kimyəvi tərkibini öyrənməyə ehtiyac var. Alim Qərb zonasının geotermal mənbələrinin alternativ enerji və digər məqsədlər üçün istifadə olunması imknalarının tədqiq ediləcəyini diqqətə çatdırdı.

Sonra "AMEA-nın Xəbərləri" (Yer elmləri seriyası) və AMEA Məruzələri  jurnallarında bölmə üzvlərinin iştirakı, Coğrafiya və Geologiya və Geofizika institutlarında Təhsil şöbəsinin yaradılması, həmçinin akademik Mithəd Abasovun 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Rəyasət Heyəti qaşısında vəsatət qaldırılması haqqında qərarlar qəbul olundu.

Tədbirdə müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevinin "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası" barədə sərəncamından irəli gələn tədbirlər haqqında oldu. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkə başçısı tərəfindən imzalanmış sənədin icrasına başlanıldığını söyləyərək, sərəncamdan irəli gələn məsələlərin həlli üçün işçi qrupunun yaradıldığını bildirdi. Qeyd etdi ki, xəritələr CİS texnologiya əsasında hazırlanıb, onların siyahısı və məzmunu müəyyənləşdirilib, müvafiq məlumatlar toplanaraq həmçinin yol xəritəsi hazırlanıb.

İclasda iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmisi Tariel Hüseynov bildirdi ki, atlasın nəşri gələcəkdə ölkəmizdə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və bu işə nəzarət edilməsinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: