Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.03.2016 17:10
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin adına təsis edilmiş ilk beynəlxalq mükafat akademik Xoşbəxt Yusifzadəyə təqdim olundu

Azərbaycanlı alimin adına təsis edilmiş ilk beynəlxalq mükafat akademik Xoşbəxt Yusifzadəyə təqdim olundu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı”na layiq görülüb.

Martın 3-də medalın təqdim olunma mərasimi keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, Rusiya Təbiət Elmləri Akademiyası özünün ali mükafatlarından birini görkəmli Azərbaycan alimi, Dövlət Mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, Fəxri neftçi, akademik Azad Mirzəcanzadənin adına təsis edib. Bu medal dünyada azərbaycanlı alimin adına təsis edilmiş ilk beynəlxalq mükafatdır. Əlamətdar haldır ki, Rusiya Təbiət Elmləri Akademiyası “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” ilə ilk olaraq Azərbaycan neft sənayesinin və neft elminin patriarxı Xoşbəxt Yusifzadəni təltif edib. Bu münasibətlə akademik Xoşbəxt Yusifzadəni təbrik edən İ.Quliyev medalı alimə təqdim edib.

Mərasimdə SOCAR-ın vitse-prezidentləri Rəhman Qurbanov və Xalik Məmmədov çıxış edərək akademik Xoşbəxt Yusifzadəni yüksək mükafata layiq görülməsi münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində yeni elmi uğurlar arzulayıblar.

Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru Əzizxan Şahverdiyev mərasim zamanı telefonla zəng edərək Xoşbəxt Yusifzadəni təbrik edib.

Sonda akademik X.Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasına və mərasim iştirakçılarına təşəkkürünü bildirib, akademik Azad Mirzəcanzadənin adına təsis olunmuş medalla ilk dəfə təltif edilməsindən qürur hissi keçirdiyini vurğulayıb. X.Yusifzadə bundan sonra da neft elmi sahəsində akademik Azad Mirzəcanzadənin mütərəqqi ideyalarının həyata keçirilməsi sahəsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadə 2014-cü ilin dekabrında Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. Alim, həmçinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: