Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Genetik Ehtiyatlar İnstitutunda “Gələcək Nəsil Sekvenseri” adlı yeni aparat quraşdırılıb
10.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunda “Gələcək Nəsil Sekvenseri” adlı yeni aparat quraşdırılıb

AMEA Genetik Ehtiyatlar İnstitutunda ilk dəfə “Gələcək Nəsil Sekvenseri” (İon PGM və İon Proton) adlı yeni aparat quraşdırılıb. Amerikanın “Life Technologies” şirkətinin alimləri tərəfindən hazırlanmış texnologiya vasitəsi ilə insan genomunun oxunmasına cəmi 3 saat vaxt sərf edilir. İşlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilir.

2015-ci ildə yekunlaşacaq 2 illik layihənin rəhbəri institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərovdur. Onun sözlərinə görə, gələcək nəsil sekvenseri insan genomu, bitki genetik ehtiyatlarının pasportlaşdırılması, kəmiyyət və keyfiyyət əlamətlərini idarə edən genlərin identifikasiyası, genom seleksiyası və genləri dəyişdirilmiş orqanizmlərin təyini üzrə ən müasir tədqiqat işləri aparmağa imkan verir. Layihə çərçivəsində il ərzində institutda bir neçə seminarın təşkil olunması, 5 nəfər gənc tədqiqatçının 1-2 ay müddətində ABŞ, Fransa, İngiltərə, İsrail və Türkiyədə təlim kursu keçməsi planlaşdırılıb. Hazırda həmin ölkələrin qabaqcıl genomika və biotexnologiya laboratoriyaları ilə müzakirələr aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: