www.science.az
03.03.2016 12:36

İkinci xüsusi şöbənin seminar-məşğələsində respublikanın seysmik zonaları və seysmik aktivliyinə dair məruzə dinlənilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində Akademiyanın institut və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri ilə birgə növbəti seminar-məşğələ keçirilib.
Tədbiri giriş sözü ilə İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Respublikamızın seysmik zonalarında seysmik aktivliyin artması və bu zaman baş verə biləcək zəlzələlər barədə məlumat verən şöbə rəisi seminar-məşğələdə bu mövzuda məruzənin dinləniləcəyini bildirib.
Sonra AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev "Azərbaycan Respublikasının seysmik zonaları və seysmik aktivliyi (2003-2015-ci illər üzrə)" mövzusunda məruzəsini təqdim edib. Zəlzələlərin Azərbaycan ərazisi üçün xarakterik xüsusiyyətlərindən danışan məruzəçi respublikamızda zəlzələlərlə yanaşı, torpaq sürüşmələri, subasmalar, quraqlıqlar, dəniz səviyyəsinin qalxması, meşə yağıntıları kimi təbii və texnogen tipli fövqəladə hadisələrin xarakterik və təhlükəli, fəlakətli hadisələrə aid edildiyini nəzərə çatdırıb. Yer kürəsində bir çox təhlükəli endogen və ekzogen mənşəli proseslərin baş verdiyini söyləyən E.Qaravəliyev zəlzələnin maddi və insan itkisi baxımından ən təhlükəli fövqəladə hadisə olduğunu qeyd edib.
Bildirib ki, respublika ərazisi yüksək seysmik aktivliklə səciyyələnən cavan Alp-Himalay qarışıqlıq sisteminin tərkib hissəsi olduğundan, burada güclü və dağıdıcı zəlzələlər baş vermişdir. 
Aparılmış seysmoloji tədqiqatlar əsasında əldə edilmiş nəticələrdən danışan E.Qaravəliyev ölkə ərazisində son 12 il ərzində, yəni rəqəmsal telemetrik seysmik müşahidə sisteminin fəaliyyəti dövründə 5-7 bal gücündə çoxsaylı zəlzələlərin baş verdiyini söyləyib. Bildirib ki, 2014 - 2015-ci illərdə Azərbaycan ərazisinin seysmikliyi daha yüksək olmuşdur. Məruzəçi zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə iştirakçılara ətraflı məlumat verib.
Seminar-məşğələdə Akademiyanın elmi müəssisələrində Mülki müdafiə planının tərtib edilməsi barədə AMEA prezidentinin 22 fevral 2016-cı il tarixli Sərəncamının icrası məsələsi də müzakirə olunub. Bununla bağlı məlumat verən Eldar Quliyev Mülki müdafiə planının tərtib olunaraq iyunun 1-dək MM qoşunlarının yerli, rayon fövqəladə hallar və mülki müdafiə şöbələri, eləcə də İkinci xüsusi şöbə ilə razılaşdırılmalı olduğunu bildirib. Sərəncamın icrası ilə bağlı görüləcək işlərdən söz açan E.Quliyev bildirib ki, AMEA-nın mülki müdafiə planı tərtib oluanaraq Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığı ilə razılaşdırılıb AMEA prezidentinə təqdim olunacaqdır. Şöbə rəisi planın normativ sənəd kimi elmi müəssisələrə təqdim olunması və lazımi metodiki köməklik göstərilməsi ilə bağlı müddəaları da nəzərə çatdırıb.

Tədbirdə, həmçinin 1 mart - Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar AMEA-nın elmi müəssisə və təşkilatlarında keçirilmiş tədbirdlər barədə məlumat dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.