Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2016 17:04
  • A-
  • A
  • A+

“Xocalı: soyqırımı tariximizin son faciəsi” mövzusunda elmi konfrans keçirilib

“Xocalı: soyqırımı tariximizin son faciəsi” mövzusunda elmi konfrans keçirilib

Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində AMEA Tarix İnstitutunun, Gənclərin Mənəvi İnkişafı və “Azərbaycan Tarixçiləri” ictimai birliklərinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Xocalı: soyqırımı tariximizin son faciəsi” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Xocalı faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açıb. Qeyd edilib ki, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə erməni qəsbkarlarının həyata keçirdikləri bu soyqırımı, misli görünməmiş vəhşilik aktı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə düşüb. Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilib, evlər yandırılıb, şəhər yerlə-yeksan edilib.

Bildirilib ki, Azərbaycanın o vaxtkı hakimiyyəti silahlı hərbi birləşmələrlə, erməni millətçi separatçıları ilə qeyri-bərabər döyüşdə Xocalı əhalisinə nəinki heç bir kömək göstərməyib, hətta bu cinayət barədə məlumat belə yaymayıb. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayətə dövlət səviyyəsində qiymət verilib, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər aparılıb.

Konfransda “Ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar”, “1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı”, “1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlıların soyqırımı”, “Bakı qəzasında türk-müsəlman soyqırımı”, “1917-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar”, “Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, “Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il Mart soyqırımının davamıdır”, “1917-1920-ci illər İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları Türkiyə arxiv sənədlərində” mövzularında məruzələr dinlənilib.

Tədbirdə çıxış edənlər də 24 il əvvəl Xocalıda dinc əhaliyə amansız divan tutulmasından danışıb, haqq və ədalətin gec-tez qalib gələcəyinə inamlarını ifadə edib, gəncləri tariximizin bu qanlı səhifəsini unutmamağa çağırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: