Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

2016-cı il üçün Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsi elan olunub
07.03.2016 11:52
  • A-
  • A
  • A+

2016-cı il üçün Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsi elan olunub

AMEA Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarına əsasən 2016-cı il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilir.

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər. Azərbaycan Respublikası Prezidentinin  27 iyun 2014-cü il tarixli Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə verilmişdir.

Müsabiqə AMEA Rəyasət Heyətinin 18 fevral 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalara” uyğun  keçirilir.

Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər  2016-cı il martın 18-dək AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında təqdimat(təqdimatda irəli sürülmüş namizədin elmi fəaliyyəti haqqında ümumi məlumat, müsabiqəyə təqdim olunan elmi nailiyyətin elmi-praktiki əhəmiyyəti barədə əsaslandırılmış ətraflı məlumat öz əksini tapmalıdır);

- namizədin  elmi əsərlərinin təsdiq olunmuş siyahısı;

- kadr uçotu üzrə şəxsi vərəqə;

- 2 ədəd fotoşəkil (6x9 sm.);

- ali təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin surəti;

- əlaqə telefonları.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə Nizami Gəncəvi adına Qızıl medala namizəd kimi irəli sürülməsinə yol verilmir.

Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinə müraciət etmək olar.

Tel.: (+994 12) 492-59-45; e-mail: eti@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: