www.science.az
16.02.2016 09:53

“MyShake” proqramı smartfonunuzu zəlzələ detektoruna çevirir

Seysmoloq-alimlər və mobil proqram istehsalçıları smartfonu şəxsi zəlzələ detektoruna çevirən proqram hazırlayıblar.

Android əməliyyat sistemi üçün hazırlanmış “MyShake” proqramı smartfonun akselerometri vasitəsilə yaxınlıqda baş verən seysmik hadisələri təhlil edərək real zaman kəsiyində zəlzələnin maqnitudunu qiymətləndirir, əldə olunan məlumatlar isə seysmoloqlar tərəfindən analiz üçün mərkəzi məlumat bazasına yönləndirilir.

Alimlərin fikrincə, gələcəkdə bu proqram inkişaf etmiş istifadəçi şəbəkəsinin köməyilə erkən xəbərdarlıq sistemi kimi də istifadə edilə bilər.

Məlum olduğu kimi, dünya üzrə yayılan seysmik şəbəkələr zəlzələləri aşkar edərək alimlərə zəlzələlər barədə məlumatları intensiv olaraq çatdırır. Bu da öz növbəsində alimlərə Yer kürəsində daim baş verən geoloji proseslər nəticəsində yaranan seysmik təkanların qlobal təsvirini yaratmağa köməklik edir. Lakin seysmik şəbəkənin sıx olmadığı rayonlarda baş verən seysmik hadisələrin izlənərək qeydə alınmasında çətinlik yaranır. Layihənin rəhbəri, Kaliforniyanın Berkli seysmoloji laboratoriyasının  direktoru Riçard Allenin sözlərinə görə, bu boşluqları öz smartfonları ilə "mülki alimlər" doldura bilərlər.

Sözügedən proqram smartfonun akselerometrinin köməyi ilə zəlzələ dalğalarını gündəlik həyatda baş verən digər titrəyişlərdən fərqləndirmək bacarığına malikdir. "MyShake" zəlzələni aşkar etdiyi zaman dərhal həyəcan siqnalını emal mərkəzinə yönəldir.

Hazırda proqramın imkanları yalnız seysmik məlumatları toplamaq və mərkəzi serverə istiqamətləndirməklə məhdudlaşır. Proqramın növbəti versiyalarında isə zəlzələ haqqında xəbərdarlığın istifadəçilərə göndərilməsi nəzərdə tutulur.

www.aclp.ru