www.science.az
13.02.2016 12:11

“Sabahın alimləri” V Respublika müsabiqəsinin iştirakçıları AMEA-nın Elmi Nailiyyətlər Sərgisi ilə tanış olublar

Fevralın 12-də AMEA-nın Əsas binasında keçirilən “Sabahın alimləri” V Respublika müsabiqəsinin iştirakçıları AMEA-nın Elmi Nailiyyətlər Sərgisi ilə tanış olublar.

Tədbirdə müxtəlif ümumtəhsil məktəblərindən 300-ə yaxın şagird iştirak edib.

AMEA İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elmi nailiyyətlərin təbliği şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva akademiyanın sərgiyə qatılan elmi müəssisə və təşkilatları barədə məlumat verib, qurumların hansı sərgi məhsulları ilə çıxış etdiyini, sərgi üzrə təqdim olunan məhsulların növünü, formatını, müxtəlif müəssisələrə məxsus ixtira və eksponatların mövzu dairəsini uşaqların diqqətinə çatdırıb. Bildirilib ki, akademiyanın yeddi elmi bölməsinin tərkibindəki institut və təşkilatların, regional elmi mərkəz və bölmələrin fəaliyyətini, o cümlədən rəyasət heyətinin guşələrinə qoyulan eksponatları əks etdirən sərgi 38 pavilyondan ibarətdir.

Şagirdlər akademiyanın institut və təşkilatlarının fəaliyyətindən bəhs edən, Azərbaycan, rus və ingilis dillərində buklet, kitab və digər nəşrlərlə tanış olublar.

Daha sonra məktəblilər AMEA-nın bir qrup alim və mütəxəssisi ilə görüşüblər.

Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev məktəblilərin nailiyyətlərinin və aktual məsələlər üzərində işləmələrinin sevindirici hal olduğunu bildirib, onlara uğurlar arzulayıb.

Sonra akademiyanın elmi müəssisə və təşkilatlarının rəhbərləri AMEA-nın uzun illər boyu əldə etdiyi uğurlar, önəmli araşdırmaların nəticələri, elm sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar aparılan tədqiqatlar barədə uşaqlara məlumat veriblər.

Bir sıra mövzularda müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.