www.science.az
13.02.2016 11:56

Referatlaşdırmanın Avtomatlaşdırılmış Qiymətləndirilməsi Alqoritmi işlənilib

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri davamlı olaraq dünyanın nüfuzlu institut və təşkilatlarının alimləri ilə birgə araşdırmalar aparır.

Bu yaxınlarda Malayziyanın Malaya Universitetinin alimləri – Asad AbdiNorisma İdris və AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev və texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevin “Referatlaşdırma Strategiyalarının müəyyən edilməsi üçün Referatlaşdırmanın Avtomatlaşdırılmış Qiymətləndirilmə Alqoritmi” (An Automated Summarization Assessment Algorithm for Identifying Summarizing Strategies) adlı məqaləsi “PLOS ONE”da (impakt faktor – 3.234) dərc olunub.

Məqalədə qeyd olunur ki, referatlaşdırma mətni daha yaxşı anlamaq üçün əhəmiyyətli vasitə olduğuna görə birbaşa təlimatlar vasitəsilə referatın yazılmasını tədris edən müəllimlərin marağına səbəb olmuşdur. Tələbələrin xülasəsini kompüter vasitəsilə nəzərdən keçirmək və qiymətləndirmək bu məsələni daha səmərəli həyata keçirmək üçün müəllimlərə yardım edə bilər.

Məqalədə tələbələrin yazdıqları referatların referatlaşdırma strategiyalarının müəyyənləşdirilməsi üçün sözlərin semantik yaxınlığı və cümlələrin sintaktik quruluşunu nəzərə alan hibrid alqoritm təklif edilir. Bu alqoritmin əsas yeniliyi ondan ibarətdir ki, o, referatlaşdırma strategiyalarını sintaktik və semantik səviyyədə müəyyən etmək imkanı verir.

Qeyd edək ki, institutun və Malaya Universitetinin alimlərinin referatlaşmanın keyfiyyətinin artırılması və referatların qiymətləndirilməsi üsullarına həsr olunmuş əvvəlki məqalələri SoftComputing və InformationProcessing & Management jurnallarında dərc olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.