www.science.az
11.02.2016 14:30

Bir qrup gənc alim AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti 02 iyul 2013-cü il tarixdə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” fərman imzalamışdır. Fərmanın icrasını təmin etmək məqsədilə AMEA Prezidentinin sərəncamı ilə Akademiyanın elmi tədqiqat müəssisələri rəhbərlərinə elmdə yüksək nailiyyətlər əldə edən gənc alimlərin namizədliyini elmi bölmələrə təqdim etmələri tapşırılmışdır. “Gənclər üçün Prezident Mükafatı”na AMEA-dan təqdim olunacaq namizədin seçim mərhələsində bir qrup gənc əməkdaş öz bilik və bacarıqlarına görə xüsusi fərqlənmişdir.

Beləliklə,  AMEA Rəyasət Heyətinin fevralın 10-da keçirilmiş iclasında Coğrafiya İnstitutunun kiçik elmi işçisi Lətifə İsmayılova, Zoologiya İnstitutunun kiçik elmi işçisi Şəfa Xasayeva, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Səmra Mirzəyeva, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Mehman Həsənov, Şərqşünaslıq İnstitutunun dokorantı Səadət İbrahimova və Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Vəfa Rüstəmova AMEA-nın Fəxri Fərmanı ilə təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.