www.science.az
09.02.2016 09:33

Ürəkdəki çıraq

Rafael Hüseynov, akademik

Torpağın üstündə doğuluruq, yalın ayaqlarımızla onun köksündə ilk addımlarımızı atırıq, bərəkətindən güc alaraq böyüyürük, “ana” dediyimiz bu varlığa ömrümüz boyu borclarımızı qaytarmağa çalışırıq və nəhayətdə dövrə qapanır, yenidən müqəddəs torpağın ağuşuna qayıdırıq. Bu, hər insanın taleyidir. 

Amma dəyərli Azərbaycan alimi, gödək ömür sürsə də, yaddaşlarda və ürəklərdə həmişəlik qalmaq haqqı qazanmış professor Muxtar Abduyevin (1926-1979) torpaqla təmaslarının hər kəsə nəsib olmayan başqa özəllikləri də var. 

O, torpaqşünas alim idi, torpağın təbibi, loğmanı idi. Torpağın dərdlərinə çarə qılmağın, torpağın ağrılarını müalicə eləyərək onu insanlarçün daha faydalı etməyin yollarını, üsullarını, sirlərini də bilirdi. 

Torpağı hamımız sevirik, amma bu bilgin insanın torpaq sevgisində xüsusi bir nəvaziş, qayğıkeşlik duyğusu da vardı. 

Canına duz işləmiş, şoranlaşmış, əkilib-becərilməyən torpağı sağaldaraq onu yenidən əbədi vəzifəsini yerinə yetirməyə hazırlamaq, ölmüş torpağa dirilik vermək Muxtar Abduyevin alim axtarışlarının başlıca qayəsi idi.

Onu “torpaq həkimi” adlandıran şair dostu Əli Tudə Muxtar müəllimin bu məziyyətini doğru tutmuşdu:

Aran qucağında, yaylaq üstündə,

Nə rütbə, nə də ki şöhrətdir andı.

Yox, yox, bərəkətli torpaq üstündə

Anamız torpağa xidmətdir andı.

Zəkasını və gəncliyinin ən gözəl illərini bu niyyətə yönəltmək, əlbəttə ki, ən əvvəl daxildən gələn bir sevgiylə bağlıdır. Həmin sevginin nəticəsidir ki, Muxtar Abduyev Azərbaycan torpaqşünaslıq elmini inadlı axtarışlarının məhsulu olan akademik səciyyəli ciddi məqalə və monoqrafiyalarla zənginləşdirməklə yanaşı şeirlər də yazıb. 

Ümumən şeirlər deyil, təyinatlı, məqsədli şeirlər. Torpaq, təbiət haqqında bədii lövhələr. 

Bu, dünya və Azərbaycan elminə çoxdan tanış olan hadisədir. Elmli poeziya bizdə orta əsrlərdən bəri həmişə olub. XIII yüzildə dahi astronom, riyaziyyatçı, filosof Xacə Nəsirəddin Tusi sahibi olduğu çoxqanadlı, çoxşaxəli biliklər sayəsində ayrı-ayrı elm sahələrinə dair bir-birindən qüvvətli risalələr qələmə almaqla yanaşı, poeziyaya da üz tuturdu. 

Qiymətli minerallar barəsində ayrıca traktat da ortaya qoyurdu, amma eyni mövzunu şeirin zərif ifadə meydanına da gətirərək əlvan minerallar haqqında rəngin məsnəvi - poema da doğurmağı bacarırdı. 

Və o biri təki, bu da gözəl alınırdı. 

İnsan məşğul olduğu elm sahəsini şeirə döndərməyi o vaxt bacarır ki, əvvələn, bütün bunları beş barmağı kimi dəqiq, aydın bilir, mövzunun hər sirrinə, cikinə-bikinə qədər bələd olur, digər yandan da mövzusuna, seçdiyi elm istiqamətinə içərisində bir aşiqlik yaşadır. 

Professor Muxtar Abduyev də universal qabiliyyətlər sahibi olmuş ulu alim babalarına xas bu keyfiyyətdən xali deyilmiş. 

Onun şeirləri növbəti bir şairin təbiəti sadəcə vəsf edən məftunluqla dolu bədii düşüncələri deyil. Muxtar Abduyevin torpağa, suya, dağa, daşa həsr etdiyi şeirlər təbiətşünas, torpaqşünas alimin biliklərə, elmi müşahidələrə arxalanan və məhəbbətdən qaynaqlanan ağıl və hisslərlə dolu təəssüratlarıdır. 

Yəni bunlar sadəcə şair valehliyi deyil, məfhuma alim məftunluğudur, nüvəsində, cövhərində həm də bilik yükü daşıyan elmli misralardır.

Bu şeirlər, bir növ, Muxtar Abduyevin elmi tədqiqatlarının davamı, onları tamamlayan cizgilərdir. 

Elmin quru, sərt dili ilə sonacan deyə bilmədiklərinin daha isti bir tərzdə ifadəsidir.

Muxtar Abduyev Azərbaycanın ən səfalı, ən göyçək guşələrinə də, yalın çöllərinə, gün qarsmış çılpaq qayalarına da, ən münbit düzlərinə və şoranlıq azarına mübtəla olmuş incik torpaqlarına da eyni şövq vəhəssaslıqla, incə məhəbbətlə yanaşıb. Hər təbiət hadisəsində, təbiətin otundan, çiçəyindən tutmuş çayına, ağacına, dağına, çeşməsinəcən - hər təzahüründə həm də özünü, bütöv ömür-gününü görüb, taleyini tapıb:

Mən sənə dünənim, gəncliyim deyim,

Daima çağlayıb coşan, dağ çayım,

Yoxsa ki bugünüm, sabahım deyim,

Hərdənbir dincəlib susan, dağ çayı?!

Azərbaycanın əsrarəngiz təbiətinin bir sehri də palçıq vulkanlarımızdır. Bu da Allahın bir lütfüdür ki, planetimizdəki 2000-dən artıq palçıq vulkanının 344-ü bizdədir. Yer təkinin xəbərçiləri, İlahinin yaratdığı “geoloqlar”ın - hərəsi bir təbiət abidəsi olan palçıq vulkanlarının bunca bolluğu Azərbaycanı nadirləşdirən, bənzərsizləşdirən daha bir gözəllikdir.

Mən hələ ki, bir başqa Azərbaycan şairinin bu təbiət möcüzəsinə ithaf etdiyi hansısa şeirə rast düşməmişəm. 

Muxtar Abduyevsə hələ 1967-ci ildə yerdən püskürüb çıxan bu hərarət, atəş ocaqlarına heyrət və məhəbbətlə misralar həsr edib, onları doğma Vətən yavruları kimi oxşayıb, canlı məxluq sayaq, sevimli, şıltaq balalar kimi tərənnüm edib. 

İndi bomboş düzənlik kimi görünən ərazilərdə pıqqapıqla qaynayan vulkanların əslində həm də qərib minillərin o tayındakı keçmişlərdə buraların dəniz olmasından xəbər verdiyini yazıb:

Azərbaycan ölkəsinin,

Həm dağında, həm düzündə.

Vardır bir çox təpələri,

Köhnə dəniz yerlərində.

Palçıq vulkan adlanırlar,

Hündür-alçaq bu təpələr.

Yüksək dağa, geniş düzə,

Sadiq olmuş bu körpələr.

Abşeronun yaraşığı,

Xəzərin də adaları

Sayılmışdır çox hallarda,

Bu şux palçıq vulkanları.

Şairlərimizin bir gözələ, sevgiliyə aid etdiyi “şux” təşbehini vulkana bənd etmək bu qələm sahibinin öz Vətəninin hər varlığına könüldən bənd olmasının göstəricisi deyildir də, nədir?!

Şair oxucusunu vulkanlarımıza etinasız baxmamağa, bu qaynar palçıq bulaqlarında yurdun həm tarixini görməyə, həm də millətin gələcəkdə üzə çıxarılmalı gizlin yeraltı sərvətlərinin izini,nişanəsini aramağa səsləyib:

Görən axı nədir dərdi,

Vulkan belə güclü yanır?

Bəlkə o da aşiq olub,

Ehtirasdan alovlanır?!

Çox güman ki, bu belədir.

Sevməsəydi ölkəmizi,

Vurmaz idi bizim yerdə

Belə çoxlu vulkan nəbzi.

Yer üzünə çıxardığı

Onun böyük dərinlikdən

Müxtəlif növ çöküntülər

Xəbər verir keçmişlərdən.

Deyir bizə: “Agah olun!

Həm qurunun, həm dənizin

Dərin-dərin yerləri də

Sərvətidir ölkəmizin.

Burda vardır yataqları,

Yanan qazın, qara neftin.
Axtarsanız taparsınız,

Onların çox mənbələrin!”

Azərbaycan poeziyasında təbiət lirikasının kitabxanalar dolduracaq qədər sevimli örnəkləri mövcuddur. Lakin Hüseyn Arifin, Musa Yaqubun, ya təbiət mövzularına tez-tez müraciət etmiş digər şairlərimizin yaratdığı təbiət şeirləri ilə elmdən şeirə gələn, şeirə yalnız hissiyyatlarını yox, dəqiq müşahidə və biliklərini də gətirən Şamo Rəhimov, Xudu Məmmədov, Muxtar Abduyev və digər bu kimi alimlərin ədəbi təcrübələrinin fərqi dərhal sezilir.

Muxtar Abduyev peşəkar alim və pedaqoq idi. Bu istiqamətlərin ikisində də sözükeçər, nüfuzlu, sanballı olub. Amma yaxşı alim olmaqla bərabər Muxtar Abduyev həm də bunların bəlkə ikisindən çətin bir fitrətin sahibi idi. 

Yaxşı insan idi. 

Təbii, bunu mən öz qənaətim kimi deyil, onunla oturub-durmuş, uzun illər boyu ünsiyyət saxlamış, dostluq, qonşuluq etmişlərin, tələbələrinin, yetirmələrinin, övladlarının inanmlı, etibarlı, bir-birini təsdiqləyən və biri digərinə söykək duran xatirələrinin əsasında bildirirəm. 

Alimin yaxşılığını, qüdrətini, ötkünlüyünü sübut edən ilk növbədə onun əsəridir. 

Alim özü həyatda olmayanda da, lap yüz il sovuşsa da, əsəri onun əvəzindən danışa, onun parlaqlığına, böyüklüyünə şahidlik edə bilər. 

Yaxşı insan olmağın əsəri isə ürəklərdə, hafizələrdə qalır. 

Qəlpə-qəlpə xatirələr üst-üstə qalaqlanır və artıq bir gün sən dünyada olmayanda həmin yaddaşlar ən ədalətli münsif kimi mövqe bildirir. 

Səni olduğun kimi tanıdır!

Xeyrə-şərə yarayan, mərhəmətli, qayğıkeş olmusansa, xatirələr səni vaxtın güzgüsündə məhz o cür, bunlara əks olan xasiyyətləri daşımısansa, həmin təhər nahamvar göstərəcək. 

Anların donub qaldığı fotoşəkil, videolent kimi. Daha nəyisə dəyişmək, təzədən başlayıb ayrı cür etmək imkanı yox! 

Ona görə də yolu yarımçıq qırılsa da, arzularının çoxu ürəyində qalsa da, hər halda Muxtar müəllim xoşbəxt insanmış. Onun haqqında indi illər ayrılığından sonra xatirə bölüşənlərin hərəsi bir xarakterdir, elmdə, həyatda hərəsinin öz fəth etdiyi ucalıq, çatdığı zirvə var. 

Onların hər birinin ömründən çox insanlar keçib və bir də Muxtar Abduyev.

Biri onunla tələbə yoldaşı olub, həmin illərin axarındakı məsum, sabaha ümidli Muxtarı anır. 

Bir başqası onunla enişli-yoxuşlu elm yollarında addımlamağa lap ilk gənclikdən birgə başlayıb - aspirant olublar, eyni illərin, ayların, bənzər sualların, oxşar çətinliklərin qayğıları, həyəcanları ilə yaşayıblar.

Bir başqası onu iş yoldaşı, bir ayrısı alim həmkarı, bir digəri yaxın qonşusu kimi yada salır. 

O ömür dəmləri bir-birindən seçilir, ayrılır, lakin hamısını qovuşduran cəhət budur ki, eyni hədəfə vurur. 

Hansı gözlə, hansı məsafədən baxılmasından asılı olmayaraq, Muxtar Abduyevi sadə, təvazökar, müdam kömək əlini uzatmağa hazır olan, həlim, mehriban, şəfqətli bir insan kimi təqdim edirlər. 

Ona görə bu qəbil xatirələrin həm də başqalarına dərs, ibrət olan tərəfi də var - elə yaşamalı ki, həyatda olmayanda da yaşaya biləsən, işığın kəsilməsin, rəhmətlə anılasan, səndən ötrü balaların başıaşağı olmasın, əksinə, iftixar edə bilsinlər ki, belə valideynləri olub.

Təxminən elə Muxtar Abduyev qədər qısaca ömür yaşamış böyük azərbaycanlı, millətini və yurdunu ürəkdən sevmiş, bu Vətəndən ötrü fədakarlıqla çox əvəzsiz işlər görmüş ədib və ictimai xadim Nəriman Nərimanov (1870-1925) yaxın ölümün astanasında ikən oğlu Nəcəfə məktub yazmışdı. 

Həmin məktub bu gün yalnız müdrik atanın yeganə övladına vəsiyyəti, nəsihəti kimi qavranılmır. 

Oxuduqca o sətirlərin ardında hamımıza öyüd, görk olası xeyli vacib mətləblərlə qarşılaşırıq. 

Nəriman Nərimanov dərin təcrübəli, səriştəli, bəsirətli bir siyasətçi və dövlət adamı idi, gözlərinin qarşısında baş verən hadisələrdən agah idi ki, vəzifə, səlahiyyətlər, imtiyazlar iradəcə, xislətcə zəif olan bir çox dünənki dostlarını, silahdaşlarını, yoldaşlarını insani naqisliklərə doğru sürükləyərək qəfilcə necə dəyişdirib.

Azərbaycan tarixinin ən taleyüklü, ən burulğanlı dönəmlərində hakimiyyətin üst qatında yer tutmuş, ali və son dərəcə məsul vəzifələr daşımış, buna və üstəgəl ətrafdakıları müşahidələrinə görə vəzifə anlayışının fəlsəfəsini içəridən seyr edib qiymətləndirməyə qadir olan Nəriman Nərimanov oğluna belə yazırdı: “Əgər bir adamı yaxşı tanımaq, onun bütün daxili aləminə bələd olmaq istəyirsənsə, onu bir müddətə vəzifə başına qoy. Tezliklə həmin adamın müsbət və mənfi cəhətləri üzə çıxacaq”.

Muxtar Abduyev 1968-1979-cu illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. 1970-ci illərin axarındakı akademiya sisteminə içəridən bələd olan, həmin dövrdə orada çalışmağa başlayan gənc bir əməkdaş kimi mənə yaxşı məlumdur ki, o çağlarda bu vəzifə elmi müəssisədə işləyən hər kəsin gələcək həyatına və elmi taleyinə bilavasitə təsir edəcək qədər geniş təsir imkanları verirdi. Qısası, Elmi-Tədqiqat İnstitutunda həmin vəzifəni tutan rəhbər işçi həlledici adam idi. Hətta bəlkə direktordan da. Çünki bütün işləri direktor müavini aparırdı. Doğrudur, ayrı-ayrı məsələlərdə son qərarı direktor verirdi, ancaq hər halda yenə hər şey müavinin o məsələylə bağlı təqdimatı nə təhər etməsinə, məlumatı necə çatdırmasına bağlı idi.

Muxtar müəllim 12 il bu vəzifəni daşıyıb və fəaliyyətləri ilə sübut edib ki, insanı hörmətə çatdıran vəzifə deyil, əksinə, vəzifəni hörmətə mindirən ləyaqətli adamlardır. 

Direktor müavini olduğu illərdə imkanı çatdıqca hamıya yaxşılıq etməyə çalışıb, özünə qarşı müəyyən haqsızlıqlar edilsə, intriqalar qurulsa da, tam layiq olduğu halda akademiyanın müxbir üzvü seçilməyinə maneçilik törədilsə də, dəyişməyib, daxilən sınmayıb, bədxahlığın acısını dadsa da, öz daimi xeyirxahlıq etmək şakərindən dönməyib.

Ən çox da Muxtar müəllim kimi nəcib, əl tutmaq, dayaq durmaq vərdişləri qanında, zatında olan bir insanın bu vəzifədə olmasından cavanlar qazanıb. 

Bunu mənə həm oxuduğum bir çox xatirələr pıçıldayır, daha əvvəlsə professor M.Abduyevin yetirməsi, məhz onun qayğıları sayəsində bir çox barıları rahatca adlayaraq elmdə yerini tutmağı bacarmış köhnə dostum, AMEA-nın müxbir üzvü Amin İsmayılovun söylədikləri. 

Orası var ki, həmin minnətdar xatirələrini Amin mənə heç də bu xatirələr toplanmağa, yazılmağa, nəşrə hazırlanmağa başlayanda deyil, Muxtar müəllimə belə həssas münasibətin hələ uzaq gələcəkdə olduğu ötmüş onillərdə, elə söz sözü gətirəndə, borclu olduğu insanları, ata qayğısı gördüyü müəllimlərini yada salanda danışıb.

Səbəbsiz deyilməyib ki, yaxşılıq elə, at dəryaya. Balıq bilməsə də, Xaliq biləcək.

Sözün hər üzünü nəzərə alan atalarımız qəsdən belə ehtiyatla söyləyiblər. Həqiqətdəsə, yaxşılıq elə bir mənəviyyat incisidir ki, gec-tez mütləq qiymətini alır və zamanla lap lal balıq da dil açaraq onu etiraf edir.

...Muxtar müəllimlə mən həyatda bircə dəfə görüşmüşəm və ani epizod olduğundan heç onun surəti də göz yaddaşımda qalmayıb. Amma beynin, hafizənin qəribə hikmətləri var. İndi Muxtar müəllimi düşünürkən huşuma çox dəqiq şəkildə həmin bir neçə dəqiqəlik ötəri görüşdən öncə baş vermiş başqa görüşdəki bir söhbət düşür.

Mən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirəndən sonra təyinatla Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna göndərilmişdim və tanınmış filosof Ziyəddin Göyüşovun (1920-1982) rəhbərlik etdiyi Fəlsəfə tarixi şöbəsində baş laborant kimi işə başlamışdım. 

1978-ci il idi. Ziyəddin müəllim məndən təvəqqe eləmişdi ki “Azərnəşr”ə gedib ordan yenicə çapdan çıxmış “Daxilə pəncərə” kitabının onunçün ayrılmış 5 ədəd müəllif nüsxələrini gətirim. 

Gətirmişdim və dərhal bağlamanı açaraq sonsuz həvəs və bəxtiyarlıqla hələ mətbəə qoxusu gələn təzə kitabını vərəqləməyə başlamışdı. 

Elə bu ara onun arxeoloq qardaşı, ilkin orta əsrlər Azərbaycan maddi mədəniyyət tarixinin, Qafqaz Albaniyası abidələrinin yorulmaz araşdırıcısı Rəşid Göyüşov şöbəmizə gəldi və yeni kitabın masanın üstündəki nüsxələrini görüncə sevincək: “Nə yaxşı oldu, - dedi, - elə bu kitabdan ötrü gəlmişəm. Mənim dostum, Torpaqşünaslıq İnstitutunun direktor müavini Muxtar Abduyev radioda sənin bu kitabının çıxması haqda xəbəri eşidib. Deyir, sənin əvvəllər çıxmış “Həzz və iztirab”ını da, “Fəzilət və qəbahət”ini də oxuyub, çox bəyənib, amma bunu satışda tapmayıb”.

Ziyəddin müəllim: “Hələ satışda yoxdur axı, bunlar siqnal nüsxələrdir, 10-15 gün keçsin, tiraj buraxılsın, birinin üstünü yazıb verərəm”, - söyləsə də, Rəşid müəllim razılaşmadı: “Yox, mənim ona borcum var. O vaxt Qəbələnin keramikasından yazanda Muxtar müəllim mənə qədimi bir gil çıraq tapıb gətirib bağışlamışdı. 

Bu, səbəb oldu ki, mən də gil çıraqlar haqqında ayrıca bir elmi məqalə yazım. İndi ayda-ildə məndən bir xahiş edib”.

Ziyəddin müəllim dinməz-söyləməz açdı kitabın ilk səhifəsini, avtoqraf yazdı və uzatdı mənə ki, aparıb çatdırım Muxtar müəllimə.

...Çırağa insanın həmişə ehtiyacı olub. 

Ən əski əyyamlarda da, orta əsrlərdə də, yüz il qabaq da, indi də. 

Çıraq ona görə gərəkdir ki, qaranlığı nurlandırsın, yol göstərsin, aydınlığı artırsın.

Lakin qədim yunan filosofu Diogenin gündüzün günorta çağı əlində çıraq Afinanın küçələrini dolaşması və “Niyə belə edirsən? Bu işıqlıqda o çırağa nə ehtiyac?” soruşulanda “Adam axtarıram!” cavabını verməsi əhvalatı da məşhurdur.

Həm ömrünü Azərbaycan torpaqlarının tədqiqinə həsr etdiyinə, həm də bu torpağın ona nəsib etdiyi ən saf mənəvi keyfiyyətləri varlığında daşıdığına görə unudulmaz Muxtar müəllim əsl torpaq adamı olub. 

Varlığında və hər əməlində işıq gəzdirən adam. 

Nə qədər yaxşı insan olduğunu görməkçün əlavə çırağa, işığa ehtiyac qalmayan insan. 

Özü də bir işıq, çıraq olan adam!

www.525.az